XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2015 - 17:52

Fellucə – ABŞ-a qan udduran “cücə”

İraqda və Suriyada getdikcə gücünü itirən İŞİD ələ keçirdiyi mövqelərini bir-bir itirir. Əvvəl Suriyanın şimalında başlayan bu itkilər indi İraqa yayılıb. Hər halda İraqdan gələn son xəbərlər bu cür düşünməyə əsas verir. Amma bütün bunlar ilk baxışdan belədir. Məsələnin dərinliyinə nüfuz edəndə isə İraq xalqının İŞİD-lə imtahanının asan olmayacağı görünür. Nə demək istədiyimi anlamaq üçün, gəlin, kiçik bir xəbərin işığında gözə çarpanlara nəzər salaq.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Fellucə və Ramadi şəhərlərində İŞİD məhsubları mühasirəyə alınıb və hər an hərbi əməliyyatlar başlaya bilər. Açıqlamanı verən general-mayor Yəhya Rəsul mülki vətəndaşlara zərər verməmək üçün əllərindən gələni edəcəklərini də vurğulayıb. Genaralın sözlərinə görə, silahsız vətəndaşların bölgələrdən ayrılması üçün “dəhlizlər” açılıb.

Qeyd edək ki, adı çəkilən şəhərlərdən Ramadi bir neçə ay bundan əvvəl işğal olunmuşdu. Ramadi İraqın ən böyük vilayəti və əsasən, kənd təsərrüfatı bölgəsi kimi tanınan Ənbarın mərkəzidir. Bağdaddan cəmi 110 km aralıda yerləşən şəhərin işğalıyla Ənbar vilayətinin tamamı və Suriya ilə İraq arasındakı son keçid də İŞİD-in əlinə keçmişdi. Bununla da İraq və Suriyanın yarısından çoxunu ələ keçirən İŞİD həm hədəflədiyi dövləti qurmuş, həm də İraq hökuməti və İranın rəsmi Dəməşqlə iqtisadi, siyasi-inzibati və hərbi əməkdaşlıq imkanları tamamilə ortadan qalxmışdı.

üstəlik, “xilafətçilər” Ənbarda yerləşən bölgənin ən böyük su anbarının bəndlərini bağlamış, Bağdada və şiələr yaşayan digər bölgələrə su verilməsini də dayandırmışdılar. Odur ki, bir çox cəhətdən strateji önəm daşıyan Ramadinin geri alınması rəsmi Bağdad üçün ölüm-qalım məsələsidir.

Bu ilin may ayının ortalarından etibarən, İŞİD-in əlinə keçən Ramadinin geri alınması üçün Bağdad bir neçə dəfə hərbi əməliyyat keçirsə də uğursuzluqla üzləşmişdi. Bu dəfə isə 3 istiqamətdən şəhərə hücum edən “Həşdi-Şəbi” silahlılarının İŞİD qüvvələrini mühasirəyə aldıqları, onların digər vilayətlərdən hərbi dəstək almaq imkanlarının kəsildiyi bildirilir.

Məlumatda o da qeyd olunur ki, “Həşdi-Şəbi”nin həyata keçirdiyi əməliyyat “Ləbbeykə, ya İraq!” (Əmr et, ey İraq!) adlanır. Xatırladaq ki, bundan əvvəl bir neçə dəfə planlaşdırılan hərbi əməliyyatlar məhz ad məsələsinə görə təxirə salınmışdı. Səbəb əməliyyata “Ləbbeykə, ya Hüseyn!” adının verilməsiylə bağlı idi.

Ş
iələrin ən böyük dini liderlərindən ayətullah Sistaniyə tabe olan “Həşdi-Şəbi” silahlı qüvvələrinin bu adla əməliyyat keçirməsi, sanki, İmam Hüseynin qisasını almağı xatırlatdığını irəli sürən bir çox hərbçilər bunun milli bütövlüyə xidmət etməyəcəyini düşünürdülər. Ən ciddi reaksiya isə İraq şiələrinin nüfuzlu silahlı qüvvələrindən sayılan “Mehdi ordusu”nun lideri Müqtəda əs-Sədrdən gəlmişdi. O, məlum ad seçiminin məzhəbi çatışmaları dərinləşdirəcəyindən əndişə etdiyini demiş və əməliyyatlarda yer almayacaqlarını açıqlamışdı. Pentaqon da Müqtəda əs-Sədrin bu əndişələrini yerində hesab etmiş və İraq hökumətini sərt şəkildə qınamışdı. Müqtəda əs-Sədrə görə, yaxşı olar ki, əməliyyatlara ya azad olunacaq şəhərlərin (məsələn, “Ləbbeykə, ya Ramadi!” kimi), ya da bütün İraq xalqının rahatca mənimsəyəcəyi dəyərlərin (“Ləbbeykə, ya İraq” kimi) adı verilsin. Görünən budur ki, ayətullah Sistani həm yerli, həm də xarici etirazları nəzərə alaraq öz qərarından geri çəkilib və Müqtəda əs-Sədrin təklifini qəbul edib.

Mərkəzi İraq hakimiyyətinin azad etmək üçün hərəkətə keçdiyi digər şəhər-Fellucə isə ilyarımdır ki, İŞİD-in nəzarətindədir. Bu, rəsmi olaraq belədir. Əslində isə ABŞ İraqa girəndən bəri bu şəhər heç bir zaman tam nəzarət altına alınmayıb. Ən yaxşı halda, şəhərin hissəsi ABŞ ordusunun, digər hissəsi isə müqavimət güclərinin əlində olub.

Ramadi kimi, Ənbar vilayətində yerləşən Fellucənin əhalisi də ABŞ işğalından sonra İraqda baş verənlərdən xeyli narahatdır və hakimiyyətin şiələrə keçməsini həzm edə bilmir. Haqsız da deyillər, bir vaxtlar Səddam Hüseyn tərəfindən körüklənən və şiələrə qarşı çevrilən məzhəb ayrıseçkiliyindən indi sünnülər əziyyət çəkirlər.

Səddam Hüseyn dövründən sonra ağ gün üzünə həsrət qalan Fellucə ABŞ işğalına qarşı ən ciddi dirəniş göstərən qüvvələrin başında gəlir. Fellucəlilər müasir İraq tarixində heç zaman silinməyəcək dərin izlər salmağı indidən bacarıblar, desək, yanılmarıq. İŞİD kimi radikal qüvvələrin bu qəsəbədə kök salması da bu mənada təsadüfi deyil. ölkənin ABŞ işğalıyla başlayan yaxın tarixə qısa bir səyahət etsək, bunun səbəbini anlaya bilərik.

Tarix 20 mart 2003-cü il. ABŞ öz müttəfiqi İngiltərəylə bərabər İraqı işğal edir. Bütün sadə iraqlılar kimi, azadlıqsevər Fellucə əhalisi də ilk əvvəl Səddam Hüseynin hakimiyyətdən uzaqlaşdırılmasına sevinir, daha sonra isə ABŞ orudusunun zülmüylə qarşılaşınca müqavimətə hərəkatına başlayır. Əvvəl dinc nümayişlər şəkilində ortaya çıxan bu dirəniş ABŞ ordusunun mərmiləriylə qarşılanınca, etiraz aksiyaları silahlı mübarizəyə çevrilir.

Ekspertlərin fikrincə, ABŞ-ın işğalçılıq tarixində Vyetnamdan sonra ən qanlı hərbi əməliyyatlar məhz Fellucədə yaşanıb. Məşhur Quantama həbsxanasında işgəncələrə məruz qalan müsəlmanların önəmli qismi bu qəsəbənin sakinləri olub. ABŞ-ın öz etirafına görə, Fellucə müharibələrində 1200 dinc sakin öldürülüb. Hadisələr zamanı ölən ABŞ əsgəri isə 68 nəfərdir. Bunlar, təbii ki, rəsmi statistikadır. Gerçək rəqəmlər isə qat-qat artıqdır. Fellucədə həyatını itirənlərin sayının 10 minlərlə olduğu bildirilir. ümumiyyətlə götürdükdə isə beynəlxalq təşkilatların hesabatlarına inansaq ABŞ-ın işğalından sonra öldürülən iraqlıların sayı 2 milyondan artıqdır. İtkilərin arasında ən çox müqavimət göstərən fellucəlilər daha çox seçilirlər.

Məlumatlara görə, ABŞ bu qəsəbəni əldə etmək üçün, demək olar ki, bütün hərbi potensialından istifadə edib. Qəsəbəyə hətta məhdudtəsirli nüvə silahlarının atıldığı belə güman olunur. Hazırda Fellucədə anadan olan uşaqların əksəriyyətində ankoloji xəstəliklərin ortaya çıxmasının önəmli səbəblərindən birinin də bu olduğu bildirilir. Bir çox beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat döyüş üsullarından istifadə etməkdə günahlandırılan ABŞ-ın zavallı fellucəlilərə divan tutması isə olduqca adi bir hadisəylə bağlıdır.

2003-cü ildə Fellucəyə girən ABŞ əsgərləri qəsəbənin ən böyük məktəblərindən birində məskunlaşır. Bu da valideynlərin etirazına səbəb olur. Dinc etiraz aksiyası keçirən valideynlər ABŞ əsgərləriylə mübahisəyə girişirlər. Əsgərlərin kobud davranışı və etirazı atəşlə sakitləşdirmək istəməsi bütün qəsəbə sakinlərinin üsyanına səbəb olur. Bir neçə gündən sonra yerli sakinlər ABŞ-ın ən güclü özəl hərbi qüvvəsi hesab olunan “Blackwater”in (Qara su) 4 əməkdaşını öldürüb meyitlərini Fərat çayı üstündəki körpüdən asırlar. Bunu öz hərbi nüfuzunu təhqir kimi qiymətləndirən ABŞ qisas almağa qərar verir.

Qəsəbəyə 2000 əsgər göndərməmişdən əvvəl Pentaqon psixoloji hərb üsullarına əl atır. Təyyarələrlə qəsəbəyə islam dinini təhqir edən vərəqələr tökülür. Bununla da kifayətlənmirlər. Eyni təyyarələr həm də səsgücləndiricilər vasitəsilə qəsəbə üzərində həmin təhqiramiz mətnin səsini yayaraq fellucəlilərin əsəbini tarıma çəkir. Yəqin ki, bununla qəsəbə sakinlərinin müqavimətini qıracaqlarını düşünürlər. Amma hər şey tərsinə çevrilir. Bütün qəsəbəni özlərinə düşmən edirlər və əl-Qaidənin Fellucədə kök salmasına şərait yaradırlar.

Fellucədə başlayan bu üsyanı heç cür yatıra bilməyən ABŞ ordusu qəsəbəni Səddam Hüseyn rejiminin tərəfdarlarına ötürüb geri çəkilir. Hətta əhalini sakitləşdirsin deyə, onları silahdırır da. Səddam rejiminin qalıntıları isə üsyançılarla birləşir və beləcə, qəsəbə İraqın ABŞ nəzarətindən çıxan ilk məkanı halına gəlir.

Fellucə üsyanından ABŞ-a qarşı istifadə edən əl-Qaidəçilər daha sonra İŞİD-i yaradırlar. Terror təşkilatının qurucusu Zərkavinin dirəniş sırasında Fellucədə olması və işğal ordusuna qarşı terror əməliyyatlarına rəhbərlik etməsi tarixə düşən bilgilər arasındadır. Qısacası, Fellucənin İŞİD-in nəzarətinə düşməsinin hekayəsi budur.

Kiçik bir qəsəbə olan Fellucə əhalisinin göstərdiyi qəhrəmanlıqlar zamanla İraqın digər bölgələrinə də sıçrayır və işğal ordusunun İraqı tərk etməsiylə nəticələnir. Bu mənada Fəlluca qəsəbəsi İraqda ABŞ-ı diz çökdürməsiylə məşhurdur.

İndi İraq hakimiyyəti həmin qəsəbənin azad olunması əməliyyatına başlamaq istəyir. Şiə silahlılarından Bədir briqadasının 12 min əsgəri bu çətin vəzifəni yerinə yetirməyə çalışacaq. Bacaracaqlarmı?-Cavab vermək asan deyil.

Heydər Oğuz

Strateq.az