Yunanıstandakı maliyyə böhranı ilə bağlı tərəflər hələ ki ortaq məxrəcə gələ bilmirlər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, şənbə günü Brüsseldə avrozona ölkələrinin maliyyə nazirləri arasında düz 9 saatlıq müzakirə olub.
İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pyer Karlo Padoan bu gün jurnalistlərə açıqlama verib ki, danışıqlarla bağlı əsas problem kreditorların Yunanıstana etibarının yetərli səviyyədə olmamasıdır: «Yunanıstan artıq birinci gün parlament səviyyəsində bütün lazımi addımları atmalıdır».
Nazir onu da bildirib ki, Yunanıstana yardım proqramı ilə bağlı bu gün yekun razılaşma olmayacaq: «Söhbət yalnız ondan gedə bilər ki, Yunanıstana yardımın üçüncü mərhələsi ilə bağlı danışıqların başladılması tövsiyə edilsin».
Finlandiya Maliyyə Nazirliyindən bildiriblər ki, Avroqrup Yunanıstanla bağlı kompromissdən çox uzaqdır. Səbəb, Afinadan gələn təkliflərin qanedici olmamasıdır.
Avstriya Maliyyə Nazirliyindən isə Yunanıstanla Avrozona ölkələri arasında nəzərəçarpacaq dərəcədə fikir ayrılığının olduğu açıqlanıb.
Maltanın maliyyə naziri Edvard Sikluna hesab edir ki, Yunanıstan alacağı kreditin müqabilində islahatlar vədi verməklə kifayətlənməməli, dəyişikliklərə getdiyini sübut etməlidir:
«Düzgün qərar vermək üçün bizim kifayət qədər ekspertimiz var. Onlar həqiqətən əmin olmalıdırlar ki, üç il sonra biz «gör, neylədik?!» sözünü deməyəcəyik. Bizdə Yunanıstanın həqiqətən dəyişəcəyi ilə bağlı əminlik olmalıdır. Tək islahatlar paketini təqdim etməklə iş bitmir. Hamı yaxşı bilir ki, ona əməl olunmayacaq».
Strateq.az