XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2015 - 12:51

“Bu, atamın ruhu qarşısında mənim borcumdur…” – İlham Əliyev
“Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq”.
Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin verdiyi iftar süfrəsində deyib. İ. Əliyev bildirib ki, bu ilin aprel ayında ona yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub:
“İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm”.
İ. Əliyev bildirib ki, hazırda dinlərarası münasibətlərdə böhran yaşanır: “İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həsrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzi, budur, normal siyasət.
Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir”.