XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 12:09

Ərdoğanın triller qurtuluşu:Prezidenti F-16-nın yanacağının bitməsi xilas edib

erdogan

Türkiyədə baş tutmayan 15 iyul çevriliş cəhdinin ən böyük müəmmalarından biri ölkə rəhbəri Rəcəb Tayip Ərdoğanın qiyamçıların 1 nömrəli hədəfi olmasına baxmayaraq, ona qarşı yönəlmiş hücumlardan necə sağ-salamat qurtulmasıdır. Müəmmanı artıran ən mühüm amil isə çevrilişçilərin əsasən Türk ordusunun Hava Qüvvələrinə məxsus hərbçilərdən təşəkkül tapması, Ərdoğanın isə təyyarə ilə sui-qəsddən xilas olmasıdır.

Rəsmi məlumata görə, çevriliş baş verən zaman Marmarisdə istirahət edən Ərdoğanın harda olduğu qiyamçı pilotlar da bilirmişlər. Hətta onun qaldığı hotel vertolyotlar tərəfindən hücüma belə məruz qalıb. Qiyamçıların hücumundan 15 dəqiqə əvvəl hoteldən ayrılan Ərdoğan ilk sui-qəsd planından qıl payı xilas olub.  Daha sonra o, Prezident təyyarəsilə İstanbula gəlib. Maraqlıdır ki, prezident təyyarəsi havada olarkən, keçdiyi bütün marşrut üzərində qiyamçılar F-16-larla “at oynadırmışlar” və yəqin ki, onların məqsədi R.T. Ərdoğanı fiziki cəhətdən yox etmək olub.

Qiyamçıların yaranmış münbit fürsətdən faydalana bilməməsi istər-istəməz müxtəlif suallara yol açır. Amma suallara qaneedici cavab verilmədiyindən, müəmmalar əfsanələşib,  müxtəlif ssenarilər şəkilində zühur edib. “Yeni Şafak” qəzetinin bu gün yayınladığı bir xəbər də əfsanə təsiri bağışlayır.

Strateq.az-ın bildirdiyinə görə, qəzet bugünkü sayında Prezident Ərdoğanı sağ-salamat İstanbula çatdıran hava səfərinin detallarından bəhs edib.

Bildirildiyinə görə, Rəcəb Tayyib Ərdoğanı qiyamçılardan qaçıran “TC-ATA” təyyarəsi Dalaman Hava limanından yerli vaxtla saat 01.43-də havaya qalxıb. Həm mülki, həm də hərbi uçuşlar üçün istifadə edilən Dalaman hava limanını qiyamçıların əlinə keçməsini əngəlləyən polkovnik Murad Səlcuq Çol Ərdoğanın uçuşu üçün lazımlı bütün hazırlıqları böyük bir gizliliklə yürüdüb. Dalaman qarnizon komandiri olan bu polkovnik prezident təyyarəsi havaya qalxana qədər başqa təyyarənin enməməsi üçün aeroportun bütün işıqlarını söndürüb ətrafı zil-qaranlığa qərq edib. Daha sonra pist üzərinə müxtəlif texnikaları sürərək, oranı tam istifadə edilməz hala gətirib. Bir müddət limana hər hansı təyyarənin enməsinə və qalxmasına icazə verməyib.

Prezident Ərdoğanı daşıyan təyyarənin havaya qalxması üçün polkovnik Murad Səlcuq Çol qiyamçıların uçuş məlumatı axışını kəsməyə çalışıb və bu məqsədlə bir müddət gözləyib. Qiyam əleyhdarı təyyarəçi zabitlərin səyləriylə məqsədinə nail olub. Qiyamçı F-16-lar hava limanı ətrafında bir müddət “kor uçuşlar keçirmək məcburiyyətində qalıb geri çəkiliblər. Beləcə, sui-qəsd planı baş tutmayıb.

Ərdoğanın təyyarəsi Dalamanda Türk Hava Yollarına aid mülki uçuş koduyla havalanıb. Birbaşa İstanbula yönəlməsi gözlənilən ATA təyyarəsi Akıncı eorportundan qalxan təyyarələrin Atatürk Hava Limanı üzərində sərt uçuşları səbəbiylə öz marşrutunu dəyişdirib İzmirə yönəlib. Ardınca, Bandırma üzərində yarım saat fırlanıb. Eniş təhlükəsizliyi təmin edilincə, Ərdoğanın təyyarəsi yenidən Bandırmadan İstanbula istiqamət alıb.

Əsl əfsanəvi hadisə də bundan sonra başlayıb. Ərdoğanın təyyarəsi ikinci dəfə İstanbula yönəldiyi sırada boğaz üzərində uçan bir F-16 onu görüb. Həmin F-16 radarla hədəfə kilidlənən raket daşıyırmış. Fəqət 1 nömrəli hədəf həmin raketin mənzilindən aralı imiş. Mənzilə yaxınlaşmaq üçün hədəfə doğru irəliləyən qiyamçı F-16 raketin mənzil dairəsinə daxil olunca yanacağı bitib. F-16-nin pilotu nədənsə mənzil məsafəsində olmasına baxmayaraq, raketi atmadan, yanacaq doldurmaq üçün təcili tanker təyyarələrinə yönəlib. Beləcə, hədəf əldən qaçıb. Yanacaq doldurub prezident təyyarəsinin dalına düşəndə isə Ərdoğan artıq İstanbula enib.

Bir sözlə, əsl triller filmlərinin ssenarisini xatırladan, “Qurdlar vadisi” dizisinin mövzusuna çevriləcək bir hadisə…

Heydər