XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 15:14

Əmək Nazirliyi təkzib etdi:"Şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya təyin edilib"

 Emek-Nazirliyi

“2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə bir sıra KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

APA-Economics”in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

E. Babayev qeyd edib ki, ölkəmizdə hər bir şəhid ailəsinə daim hörmət və ehtiram göstərilir, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunur. Onun sözlərinə görə, R. Orucovun ailəsinə pensiya və Azərbaycan Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına aylıq sosial müavinətin təyin olunması tam təmin edilib: “Şəhidin həyat yoldaşı Sevinc Əlizadə şəhid ailəsi kimi onlara qeyd olunan sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti zamanı həmin sosial ödənişlərin təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan lazımi sənədləri tam tərkibdə təqdim etməməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq, əməkdaşlıq şəraitində qısa müddətdə həmin sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib. Beləliklə də şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə 907,70 manat aylıq əmək pensiyası, habelə 132 manat Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdü, ümumilikdə 1039 manat məbləğində aylıq sosial ödəniş təyin edilib”.

E. Babayev əlavə edib ki, həmçinin S. Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla, son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi  tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək.

Şöbə müdiri onu da bildirib ki, qeyd olunanlarla yanaşı, Azərbaycan qanunvericiliyində şəhid ailələri üçün digər bir sıra güzəşt və imtiyazlar əksini tapıb və şəhid polkovnik-leytenant R. Orucovun ailəsi həmin güzəşt və imtiyazlardan da istifadə edə bilər.