XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Avqust 2016 - 09:17

Hələb mühasirəsi yarıldı:Suriyada hərbi dönüş

suriya

Bəşər Əsəd rejiminin Hələb mühasirəsi yarılıb.

Strateq.az xəbər verir ki, bu məlumatı “mülayim müxalif qüvvələr” açıqlayıb.

Xatırladaq ki, Rusiyanın Suriyaya havadan müdaxiləsilə Hələb “Əsəd dostları” kimi təqdim olunan qüvvələr tərəfindən mühasirəyə alınmışdı. Uzun aylardan bəri davam edən bu mühasirə regionda qeyri-müəyyənlik yaratmışdı. Müxaliflər ABŞ və müttəfiqlərini onlara yetərli kömək etməməkdə qınayır və Suriya problemini müzakirə edən beynəlxalq toplantılara öz dərdlərini daşımağa çalışırdılar. Görünür, beynəlxalq təzyiqlər və müxaliflərin təyyarəyə qarşı silahlarla təchiz olunması öz müsbət nəticəsini verib.

Hələb mühasirəsinin yarılmasında İsrailin Əsəd rejiminə məxsus qüvvələrə və onların müttəfiqlərinə qarşı keçirdiyi hərbi əməliyyatlar da mühüm rol oynayıb.  Məlumata görə, dünən İsrail təyyarələri Dəməşqin şimalında silah daşıyan 4 yük maşını karvanını bombalamış və faktiki olaraq ön cəbhədə döyüşən “Əsəd dostları”nın təchizat yollarını kəsmişdilər. İsrail strateqləri isə İŞİD-in tamamilə məhv olmasını öz milli mənafelərinə zidd olduğunu bildirərək, dolayısıyla “Əsəd dostları”na qarşı keçirdikləri hava hücumlarının səbəbinə işıq tutmuşdular. Mümkündür ki, lojistik dəstəyi kəsilən ön cəbhədəki geriləmənin bir başqa səbəbi də elə bununla bağlıdır.

Sözsüz ki, mühasirənin yarılmasında müxaliflərin döyüş bacarığı və taktikalarının da xidmətləri danılmazdır. Bildirilir ki, son zamanlar Hələb döyüşçüləri rus təyyarələrinin görüş imkanlarını azaltmaq üçün rezin təkər yandırır və bütün  göy üzünü qara tüstüyə qərq edirdilər. Nəticədə hava əməliyyatları keçirən hərbi təyyarələr haranı və necə bombalayacaqlarını görə bilmədiklərindən, hədəfləri vurmadan geri qayıdırdılar. Beləcə, “Əsəd dostları”nın ən qüdrətli və təsirli qüvvəsi sayılan Rusiya “oyundan kənar vəziyyətə” salınır və bu da müxaliflərin əlini gücləndirirdi. Müsahirənin yarılması onların öz taktikalarında uğur qazandıqlarından xəbər verir.

Müxaliflərin Hələbdə əldə etdikləri bu nailiyyətlər Suriyada hərbi proseslərin seyrini dəyişə və müharibənin növbəti mərhələsinin Dəməşqə daşınmasına yol aça bilər. Bu isə Bəşər Əsəd ətrafındakı həlqənin tamamilə daralması deməkdir.

Heydər Oğuz

Strateq.az