Türkiyə-AB münasibətləri getdikcə gərginləşir.
Strateq.az xəbər verir ki, bir müddət əvvəl Avsrtiyanın baş naziri, dünən isə onun isveçli həmkarı Stefan Löfven 15 iyuldan çevriliş cəhdindən sonra Türkiyədə yaşananları qınayıb.
Hər iki baş nazir Türkiyənin AB-ə üzvlük yolunda səhv istiqamətə yönəldiyini vurğulayıblar. Onların üzərində dayandıqları arqumentlər də eynidir: Türkiyənin suriyalı qaçqınlarla bağlı AB-lə imzaladığı anlaşmalardan geri çəkilməsi Qərb üçün əsl fəlakət olar və FETÖ-yə qarşı mübarizədə qeyri-adekvat təzyiq vasitələrinə əl atılması demokratik dəyərlərdən uzaqlaşmaqdır.
Stefan Löfvenə görə, Türkiyə noyabr ayının sonuna qədər viza sərbəstliyini həyata keçirilməsini istəyir: “Viza sərbəstliyinin tətbiq olunması üçün isə razılaşmadan doğan bütün öhdəliklərin yerinə yetirilməsi lazımdır. Əks halda viza sərbəstliyi qazanmaq mümkün deyil. Bu mənada Türkiyənin səhv yoldadır”.
Çevriliş cəhdindən sonra yaranan vəziyyəti və onun həllindəki çətinlikləri anlayışla qarşıladıqlarını vurğulayan baş nazirə görə, bununla belə, qiyamçılara qarşı mübarizədə beynəlxalq hüquq normativləri və insan azadlıqları nəzərə alınmalıdır: “Görünən isə budur ki, insanlar həbsə atılır, işlərinə son verilərkən çox irəli gedilir. Bütün həbs olunanların və işlərindən uzaqlaşdırılanların çevriliş cəhdinə qatıldığını isbat etmək çətin olacaq”.
Qeyd edək ki, Avstriya baş naziri Kristian Kernin bir neçə gün əvvəl Türkiyənin əleyhinə səsləndirdiyi fikirlər daha sərtliyi ilə seçilirdi. “Reuters” agentliyinin xəbərinə görə, Kern Avstriyanın televiziya kanalı ORF-ə verdiyi müsahibədə Türkiyə ilə aparılan “üzvlük danışıqlarının "diplomatik bir fantastika" olduğunu bildirmişdi. Onun fikrincə, demokratik standartlar Türkiyənin üzvlüyü üçün kafi deyil və bunun həm siyasi, həm də iqtisadi səbəbləri var. Türkiyə iqtisadiyyatının Avropa ortalamasından xeyli aralı olduğunu vurğulayan Kern 15 iyul qiyamından sonra dövlət orqanlarında aparılan təmizləmə əməliyyatı da ölkənin demokratik dəyərlərdən çox uzaqlaşdığını göstərir.
Bu iki səbəbə görə Avropa Şurasının 16 sentyabr tarixli toplantısında Türkiyənin ittifaqa üzvlük müzakirələrinin sonlandırılmasını təklif edəcəklərini bildirən baş nazirin bu sözləri Türkiyədə ciddi əks-səda doğurmuşdu. Xüsusilə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avstriya baş nazirini sərt tənqid etmişdi.
Məlumata görə, Çavuşoğlunun sərt çıxışının səbəblərini aydınlaşdırmaq adı altında dünən Türkiyənin Vyanadakı səfiri Hasan Göğüş Avstriya Xarici İşlər Nazirliyinə çağırılıb və sərt dillə xəbərdarlıq edilib. Səfir Hasan Göğüşlə görüşdən sonra ORF televiziyasına çıxan Avstriya xarici işlər naziri Sebastian Kurz Türkiyəni Avropadan getdikcə uzaqlaşmaqda günahlandırıb. O, Türkiyəni suriyalı qaçqınlarla bağlı imzaladığı sazişdən Avropaya qarşı şantaj vasitəsi kimi istifadə etdiyini bildirərək, AB-nin bu siyasətini kardondan evə bənzədib. Suriyalı qaçqınların taleyi ilə bağlı Ankarandan gələn bəyanatları şərh edən Kurz deyib: "Geri qəbul sazişi işləməyəcək. Avropanın səhv miqrant siyasəti kartondan ev kimi yıxılmaq təhlükəsiylə qarşı-qarşıyadır".
AB-ni öz “ev tapşırığı”nı yerinə yetirməyə çağıran Sebastian Kurz tele-çıxışında bu cür şantajlardan xilas olmaq üçün sərhədləri möhkəmlətməyin lazım olduğuna inanır: “Bunu etməzsək, Türkiyə qarşısında zəif vəziyyətə düşərik".
Heydər
Strateq.az