Azərbaycan xalqının qonaqpərvərliyinə görə təşəkkür edirəm. Son 3 ildə iki ölkənin əlaqələri sürətlə genişlənməkdədir. İkitərəfli əməkdaşlıqda biz yaxşı addımlar atmışıq.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Azərbaycan və İran arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.
Prezident Həsən Ruhani bildirib: "İki ölkə prezidentlərinin səfərlərində, habelə konfranslar çərçivəsində görüşlərimizdə hər dəfə bir addım önə çıxmışıq. İki ölkənin müştərək mədəniyyəti eyni tarixə, məzhəbə və dinə malikdir və uzun illər bir-biri ilə qonşuluqda qardaşlıqla yaşayıblar. Bu gün də iki dövlətin və xalqın əlaqələrin genişləndirilməsinə olan meyli bütün sahələri əhatə edir. İki ölkə arasında ticarət əlaqələri, rüsumların azaldılması, hökümətlərarası birgə komissiya çalışmalıdır ki, bu sahədə müəyyən nəticəyə çatsınlar. İki ölkə arasında azad ticarətin baş tutmasına ümid edirik. Habelə, Asiya ölkələri arasında olan, aramızda olan rüsumları ləğv etmişik. İstəyirik ki, bununla da müəyyən sazişə çata bilək".
Prezident Həsən Ruhani qeyd edib ki, bank və maliyyə sahələrində də əsaslı işlər görülməlidir: "Bu gün bu sahədə iki mərkəzi bank arasında olan memorandumun imzalanmasının şahidi olduq və bank əlaqələrinin genişlənməsini istəyirik. İstəyirik ki, bu əməkdaşlıq azad ticarət əlaqələrinə zəmin yarada bilsin. Texnoloji və sənaye, kapital və sərmayə sahəsində, avtomobil zavodunun Azərbaycanda təməlinin qoyulması, bu layihənin reallaşması ildə 10 min avtomobil istehsalına gətirib çıxaracaq. Bu da Azərbaycanın və qonşu ölkələrin ehtiyaclarını ödəyəcək. Bu addımların hamısı iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın genişlənməsini göstərir".
İran Prezidenti Həsən Ruhani qeyd edib ki, dərman preparatları sahəsində də əməkdaşlığımız olacaq: "Çalışacağıq ki, bu sahədə də əməkdaşlıq genişlənsin. Habelə, Xəzər dənizi barədə də fikir mübadiləsi apardıq və bir daha təkid etdik ki, Xəzər dənizi sahilyanı ölkələr üçün sülh və sabitlik məkanı olmalıdır. Biz görüşdə qərara gəldik ki, Xəzər dənizi ilə əlaqədar bəzi problemləri aradan qaldırmaq üçün sürətli işlər görmək lazımdır. Həmçinin, Xəzər dənizində birgə fəaliyyət göstərmək üçün, xüsusilə neft-qaz sahəsində ciddi işlər aparılmalıdır. Birgə əməkdaşlıq sahəsində çalışacağıq ki, ekostim sahəsində razılaşma əldə olunsun. Bizim üçün ekostim çox önəmli məsələdir. Xəzər dənizinin çirklənməsi böyük bir təhlükədir. Bu sahədə də öncədən bəzi ölkələr arasında müqavilələr olub. Azərbaycanda da bu sahədə bir mərkəzin yaradılması vacibdir. Turizm sənayesinin sürətlənməsi və genişlənməsi, hava uçuşlarının çoxalması üçün hər iki ölkə səy göstərəcək ki, bu sahələrdə bir sıra asanlaşdırıcı işlər görülsün və viza rejimi aradan qaldırılsın. Viza rejiminin aradan qaldırılması ilə hər iki ölkənin vətəndaşları ölkələrə maneəsiz səfər edə biləcəklər.
Mühüm məsələlərdən biri də tranzit məsələləri, xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu, həm iki ölkə, həm də region ölkələri üçün önəmli məsələdir. Hazırda Astara dəmir yolunun birləşdirilməsi daha çox önəmlidir. İkinci məsələ, Astara-Rəşt dəmir yolunun birləşdirilməsidir ki, hər iki ölkə bu sahədə birgə sərmayə yatıracaqlar və ortaq iş görüləcək. Bu layihənin 50 faizi İranın, 50 faizi isə Azərbaycanın payına düşür. Bu layihənin reallaşması nəticəsində Azərbaycan Fars körfəzi vasitəsilə başqa ölkələrlə əlaqə yaradacaq".
İran Prezidenti Həsən Ruhani həmçinin vurğulayıb ki, görüş zamanı biz Dağlıq Qarabağ məsələsilə bağlı da danışıqlar apardıq: "Bu məsələdə son vaxtlarda olan vəziyyət barədə məlumat aldıq. İran inanır ki, regionda sülh və sabitlik bərpa olunacaq. Münaqişə sülh danışıqları ilə həllini tapmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik. Regionun müxtəlif məsələləri sülh və sabitlik yolu ilə öz həllini tapmalıdır. İran Azərbaycvan və Ermənistanın qonşusu kimi həmişə bu problemin həllinə səy göstərib. Bununla bağlı əlimnizdən gələni əsirgəməyəcəyik. Görüşdə regionda terrorizm təhlükəsinin və ifratçılıq məsələsinin də önəmli olduğu bildirildi. Bu məsələ həm Orta Asiyaya, həm yaxın Şərqə, həm də Qafqaza böyük problemdir. Bu sahədə də geniş danışıqlar apardıq. İki ölkə bu sahədə əməkdaşlıq edəcək".
İran Prezidenti Həsən Ruhani sonra deyib: "Mədəniyyət sahəsində İslama mehraba və ifrata zidd olan İslamın təbliği üçün də danışıqlar apardıq. Hər iki dövlət bu fikirdə birdirlər və çalışacaqlar ki, həqiqi İslamın təbliği üçün müəyyən şəraitlər yaradılsın. İslam adına olan ifratçılığa yol verilməsin. Bu cür hallardan uzaq olmalıyıq. Bu sahədə hər 3 ölkənin səyi, mədəni mövzular və elmi texnoloji əməkdaşlığımız gərək genişlənsin. Sabahki 3 tərəfli iclasımızın bütün region üçün faydalı olacağına ümid edirəm. Görüşdə üçtərəfli əməkdaşlıqlar, xüsusən də tranzit sahəsində, terrorizmlə mübarizə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ekonomik sahədə müsbət razılıq əldə olunmasına ümid edirəm".