XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 15:34

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayeni nəzarət sistemi yaradır

 

Loqo-Komissiya

 

“Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına səmərəli nəzarət mexanizminin formalaşdırılması məqsədilə onlayn-nəzarət sistemi yaradılacaq.  Milli Fəaliyyət Planının icrasına məsul qurumlar həyata keçirdikləri tədbirlər barədə detallı məlumatları avtomatik olaraq bu sistemə yerləşdirəcəklər. Burada fotoşəkillər, videoyazılar, KİV-də dərc olunmuş məqalələrin linkləri və s. də yerləşdiriləcək”.

Bu barədə bu gün “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində Konstitusiya Araşdırmalar Fondu tərəfindən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış 3-cü hesabatın təqdimatında Komissiya katibliyinin əməkdaşı Kamal Cəfərov bildirib.

Onun sözlərinə görə, belə onlayn-nəzarət sistemi Milli Fəaliyyət Planının icrası ilə bağlı real vaxt rejimində məlumat almağa imkan verəcək. Sistem eyni zamanda Milli Fəaliyyət Planının icrası ilə bağlı müvafiq dövlət qurumları arasında daha yaxşı koordinasiyaya imkan yaradacaq.

K.Cəfərov qeyd edib ki, Komissiya “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına çox ciddi nəzarət edəcək. Yeni Fəaliyyət  Planının uğurla icra olunmasına öz töhfəsini verəcək.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın əməkdaşı xatırladıb ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”  Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiqlənib. Onun sözlərinə görə, bu planın özəlliyi ondadır ki,  vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıqda hazırlanıb.  Geniş ictimai müzakirələrdən keçib.  Planın icrasına da vətəndaş cəmiyyəti təşkilatları fəal cəlb olunacaq.

Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən ““Açıq Hökumət”in təşviqinə vətəndaş dəstəyi” layihəsi çərçivəsində dərc olunur.