XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2015 - 10:30

“Mən atamla görüşmək istəyirəm…” – Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu
“Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır”.
Bunu Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: “Müraciətimə baxmayaraq, onlar hələ də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq hələ də bir nəticə əldə olunmayıb”.
Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə, atasının yanına gedə biləcəyini də söyləyib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova bu məsələyə münasibət bildirib. O söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır.
İ.Hüseynova digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: “Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır”(Anspress.com).
Xatırladaq ki, Kəlbəcərdə öz doğma ata-baba torpaqlarına baş çəkən Dilqəm Əsgərov və Şahbaz Quliyev təxminən 1 il öncə girov götürülüb. ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb.
Dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.