XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 13:20

Gənclər və İdman nazirinin “menyü”sünə:"Başımızın üstündən uçub gedən medal"

nicat-2

Nicat Rəhimov 

 

Mən ömrümdə avarlı qayığa minib avar çəkməmişəm, amma hesab edirəm ki, bu il Rio-2016 olimpiadasına qatıla bilərdim. Qatılardım və bu il bizi o mötəbər yarışda təmsil edən Boris və Aleksandrdan pis nəticə göstərməzdim.

Hətta nəyə desəniz, and içərəm ki, ən azı onlar qədər nailiyyət qazanardım. Çünki onlardan pis nəticəni göstərmək sadəcə mümkün deyil. Kazak boyda adamlar basa-basa getdikləri Rioda təşər-təşər qatıldıqları yarışda axırıncı yeri tutublar. Bütün ölkələrin avarçəkənləri gəlib finiş xəttini keçiblər, bu avaralar isə handan-hana yellənə-yellənə, yırğalana-yırğalana üzüb gəliblər ki, biz də yarışırdıq. “El-Pais” qəzetinin idman şərhçisi avakadonun bərəkətinə and içir ki,  yarışın təşkilatçıları artıq yığışıb gedirmişlər, bir də görüblər ki, üfüqdə iki avarçəkən görünür. Baxıblar ki, Alyoşa və Borya.

Bunları haradan, necə tapıb gətiriblər? Axırıncı olacaqdıqsa, legioner avarçəkən kimə lazım idi? Mingəçevridə nə qədər avarçəkənimiz var, onları aparmaq olardı. Hələ Allah bilir, bu legioner avarçıların hərəsinə neçə ətək pul veriblər ki, bizi olimpiadada təmsil eləsinlər. 

Onların da nə vecinə, qayıq özgənin, bayraq özgənin, beş ulduzlu oteldə yaşayır, gündə üç dəfə müftə-müsəlləm yeyir-içir, gecələr Rionun disko-barlarında əylənir, gözəl mulat qızları ilə ramba-rumba oynayırlar. Gəl, kefim, gəl. Üstəlik, əsrarəngiz Rioda dincəlməkləri müqabilində babat qonorar da alırlar. Kim istəməz?

Amma bir də görürsən, bu işlərin tam tərsi olan hadisələr də baş verir. Keys dolusu pul alan legioner idmançılarımız bizi yarıtmadığı halda, vaxtilə milli komandaya götürülməyən, yaxud ölkədən perikdirilən milli idmançımız gedib məcburiyyət üzündən başqa bir ölkənin bayrağı altında çıxış edir və qızıl medal qazanır. Biz də qalırıq baxa-baxa, yana-yana. 

O cür idmançılardan biri Nicat Rəhimovdur. 2.5 il əvvəl onu ağır atletika üzrə milli komandadan çıxarıblar ki, sən yaramırsan, düzgün məşq eləmirsən. 18 yaşlı gənc varıb gedib Qazaxıstana, orda bunun qabiliyyətini görüblər, milli komandaya daxil ediblər, o da olimpiadaya lisenziya əldə edib. Dünən gecə də ağırlıqqaldırmada dünya rekordunu qırıq-qırıq edərək qızıl medal qazanıb. Bizim olası qızıl medal başımızın üstündən uçaraq gedəcək Astanaya, prezident Nursultan Nazarbayev qürur duya-duya Nicatı xalqa “qazax xalqının güclü oğlu” deyə təqdim edəcək, mükafatlandıracaq (heç olmasa, Nicat qazaxlı olsaydı…).

Bizim xaricdən alıb gətirdiyimiz ağır atletlər isə dopinqdə ilişdiklərindən nə olimpiada üzü gördülər, nə də medal-filan. Görünür, Nicatın məşqini bəyənməyən məşqçi Zlatan Banev öz həmyerlilırinə – bolqar atletlərə üstünlük verirmiş. Amma onlar “zalatoy” medal qazana bilməyiblər, əvəzində dopinqlə ilişiblər. Bu işlər belədir: dopinqlə 150-200 kilo ağırlıq qaldırmaq olar, amma yarım kiloluq bayrağı qaldırmaq olmaz.

Bir o deyil, ötən il bir jurnalist dostumuz öz taekvondoçu oğlu üçün nə qədər mübarizə apardı ki, uşaq istedadlıdır, ancaq iranlı məşqçilər öz həmyerlilərini qabağa çəkir, onun oğlunu gözdən çıxarıblar, birinciliklərdə yaxşı yerlər tutsa da, onu subyektiv səbəblərə görə milli komandaya qəbul etmirlər. Heç bilmirəm o haqq-hesabın axırı necə oldu. Amma gözləyək, görək, bəlkə hansısa ölkəni təmsil edən və medal qazanan azərbaycanlı idmançıların sırasında o da olacaq. 

Riodan daha bir ürəkaçan xəbər isə belədir ki, idman gimnasitikası yarışlarında kişilər arasında çoxnövçülük üzrə çıxış edən idmançımız Oleq Stepko 22-ci olub.

Düzü, bilmirəm, həmin yarışda nə qədər idmançı iştirak edib ki, Oleqin 22-ci olması nailiyyət sayıla bilər. Əgər o yarışa 44 idmançı qatılıbsa, Oleq 22-ci olubsa, yenə yaxşıdır. Yox, əgər yarışa cəmi 22 idmançı qatılıbmışsa, bu, o deməkdir ki, Stepko da avarçəkənlərimiz kimi axırıncı olub. 

Dediyim odur ki, biz bu legioner idmançılar siyasətinə yenidən baxmalıyıq. Məqsəd medal qazanmaqdırsa, yaxşı olar ki, maya qoyulan legionerlər ölkəyə əyarından asılı olmayaraq medalla qayıtsınlar. Yox, məqsəd olimpiadada iştirakdırsa, bunu öz milli idmançılarımız da edə bilərlər. 

Yoxsa bu nə işdir, gedib dərənin günü keçmiş idmançılarını yığıb gətiririk, üstümüzə əliboş qayıdırlar, amma öz potensial medalçılarımızı qıraqda qoyuruq, onlar da gedib medalları başqa ölkələrə aparırlar…

 

Samir Sarı

musavat.com