XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 23:35

NATO-dan Türkiyəyə mesaj:“Sən saydığını say, gör, biz nə sayırıq”

ugurlu

 

15 iyul çevriliş cəhdindən sonra yaşananlar getdikcə Ərdoğan-NATO müharibəsinə çevrilir. Bir tərəfdən Ərdoğan “ya Fəthullah Gülən, ya Türkiyə” deyərək, Rusiyayla əlaqələrini gücləndirir, digər tərəfdən isə ABŞ qardaş ölkənin müxtəlif dövlət qurumlarında yürüdülən “təmizləmə əməliyyatı”na qarşı çıxır. Bəzən hətta hərbi çevrilişdə yer alan yüksəkrütbəli zabitlərin NATO-nun iclaslarında iştirakına qəsdən şərait yaradılır və bu, açıq-aşkar ictimaiyyətə təqdim olunur.

Strateq.az xəbər verir ki, hərbi xidmətdən qaçmaqda günahlandırılan 9 generaldan birinin – Mustafa Zəki Uğurlunun çevriliş cəhdindən sonra keçirilən alyansın toplantısında iştirakı NATO-Türkiyə gərginliyinin ən bariz nümunəsi kimi qiymətləndirilir. Nədən ki, Mustafa Zəki Uğurlu 27 iyul 2016-cı il tarixində verilən fövqəladə vəziyyət qərarıyla TSQ sıralarından xaric edilmişdi. Üstündən bir gün keçəndən sonra keçirilən NATO toplantısında isə onun iştirak etdiyi ortaya çıxıb.

Maraqlıdır ki, NATO rəsmən TSQ-ni təmsil etməyən admiralın toplantıda iştirakını gizlətməyə belə, lüzum görməyib. Əksinə, onun toplantıda çəkilən şəkilini özünün rəsmi saytında nümayiş etdirib.

Bu zamana qədər türk ordusu yetkililərinin NATO toplantılarında iştirakı zamanı çəkilmiş şəkillər, az qala, gizli tutulduğu halda, indi birdən-birə bu nümayişkaranəlik maraq doğurur.

Kim bilir, bəlkə də ABŞ-ın liderliyi altında fəaliyyət göstərən NATO-nun bu hərəkəti Türkiyəyə verilmiş mesaj kimi qiymətləndirilməlidir. Bəlkə də bu nümayişkaranə mövqe alyansın Türkiyə ordusunda aparılan “təmizləmə” əməliyyatını tanımadığını, köhnə heyətlə əməkdaşlığa davam edəcəyini göstərir. Bir sözlə, sanki, NATO Türkiyəyə demək istəyir ki, sən saydığını say, gör, biz nə sayırıq. Bu isə Türkiyəni fakt qarşısında qoymaq, “ya NATO-da NATO-nun istədiyi kadrlarla təmsil olun, ya da ittifaqdan ayrıla bilərsən!” deməkdir.

Bəs, NATO-dan uzaqlaşmaq Türkiyəyə nə verə bilər?

Bu addım Türkiyənin II Dünya müharibəsindən sonra mənimsədiyi və indiyə qədər sürdürdüyü hərbi doktrinadan imtina etməsi mənasına gələr. Türkiyə yerləşdiyi çətin regionda indiyədək dünyanın ən güclü hərbi alyansıyla ittifaq quraraq, toxunulmazlığını qoruyub. İstər şimaldan Rusiya, istərsə də cənubdan və şərqdən Yaxın Şərq ölkələri üçün Türkiyənin NATO üzvlüyü əsas çəkindirmə gücü rolunu oynayıb. Əks təqdirdə, qonşu ölkələrin ərazi iddiaları və separatçı qüvvələri dəstəkləməsi Türkiyənin daha çətin sınaqlarla üzləşməsini şərtləndirə bilərdi.

Bu gün Türkiyə nə qədər öz regional qonşularıyla sülh şəraitində yaşasa da, sabah çəkindirici gücünü itirəcəyi təqdirdə, onların yenidən baş qaldıran iddiaları ilə üzləşə və ötən illərdən fərqli olaraq, NATO-nun 5-ci maddəsindən faydalanaraq öz suverenliyinə yönələn təhdidləri beynəlxalq hərbi arenaya daşımaq imkanını itirər.

Üstəlik, NATO-dan uzaqlaşmaq Türkiyənin indiki müttəfiqləriylə münasibətlərində əlini gücsüzləşdirər, sözünün ötkəmini azaldar, bir sıra məsələlərdə post-sovet məkanı kimi, Rusiyanın “arxa bağçası”na çevirər.  Odur ki, Türkiyənin NATO üzvlüyü Ankara üçün təkcə özünü qorumaq strategiyası deyil, həm də suverenliyinin qarantiyasıdır.

Nə qədər emossional-populist xarakterli olsa belə, AKP hakimiyyətinin bu reallığı görməməsi imkansızdır. Böyük ehtimalla, Ankara ABŞ-dan gələn haqsız və intensiv basqıları azaltmaq üçün manevr edir və bu siyasi manevrlər Türkiyənin dövlət maraqlarının daha artıq təmin olunmasına gətirib çıxaracaq.

Heydər Oğuz

Strateq.az