ABŞ Demokrat Partiyasının təşkilatçılarının elektron poçt ünvanları, telefon nömrələri, və digər şəxsi məlumatlarını ələ keçirən haker 200-ə yaxın konqresmenin məlumatını paylaşıb.
Özünü Guccifer 2.0 adlandıran haker 195 sabiq və hazırkı Konqres üzvünün əlaqə məlumatlarını yayıb.
ABŞ-ın prezident seçkilərini fars adlandıran haker yazır ki, Demokratların Milli Komitəsinin qanun pozuntuları göstərir ki, qanunvericilər demokratların qurultayında Hillari Klintonun tərəfini saxlayıblar. O, deyib ki, hər şey pərdə arxasında baş verir.
“Sözün qısası, DMK-nin bəzi sənədlərini sizə təqdim edirəm. Onlardan istifadə edin", – deyə haker yazır.
Saytda qanunvericilərin şəxsi mobil telefonlarının nömrələri, cədvəlləri və onların mətbuat katiblərinin adı yerləşdirilib. Haker bu məlumatın əldə edilməsinin mürəkkəb olmadığını bildirib.
Şəxsi məlumatların açıqlanması ziyanlı olmasa da, konqresmənlər şəxsi yazışmaların da ələ keçiriləcəyindən narahatdır.
Açıqlanan məlumatda nümayəndələrin birinin ianə etdiyi 200 min dollarlıq çekinin qaytarıldığı da bildirilir. Həmin nümayəndə seçki iaənələrinin 2 700 dollardan artıq olmamasından xəbərdar olmadığını deyib.
Demokrat Partiyasının rəsmiləri Rusiyanı məlumatları ələ keçirməkdə günahlandıraraq, rəsmi Moskvanın ABŞ-ın prezident seçkilərinə təsir göstərmək cəhdində günahlandırır.
"Amerikanın səsi"