XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 13:16

Beynəlxalq Bankın keçmiş sədriCahangir Hacıyevin məhkəməsi təxirə salınıb

cahangir-haciyev

Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb.

Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərləridir.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilib və iş üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onu da əlavə edək ki, C.Hacıyev ləğv edilmiş MTN-nin rəhbəri olmuş Eldar Mahmudovun qudasıdır.

Məhkəmə prosesində təqsirləndirilənlərin yaxınları da iştirak edir. Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva da məhkəmə prosesində iştirak edir. 

Prosesdə ilk olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilənlərdən İbrahim Hüseynovun vəkili prosesdə iştirak etmədiyindən məhkəmə avqustun 17-nə təxirə salınıb. İ.Hüseynov "İnter Security” MMC-nin baş direktoru olub. Qeyd edək ki, adı çəkilən mühafizə şirkəti bankın inzibati binalarının mühafizəsini həyata keçirirdi.

Strateq.az