XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyul 2015 - 11:33

Koalisiya alınmasa… – Davudoğlu erkən seçkiyə işarə vurdu

Həftənin əvvəlindən baş nazir Əhməd Davudoğlu Türkiyədə yeni hökumətin qurulması istiqamətində CHP, MHP və HDP ilə danışıqlar aparır. Görüşlərdə hansı məsələlərin müzakirə olunduğu tam açıqlanmasa da, AKP-nin koalisiya ilə bağlı yekun qərara gəlmədiyi bəllidir.

Strateq.az xəbər verir ki, bu gün partiyasının Ramazan bayramı ilə bağlı təşkil etdiyi tədbirə qatılan Ə.Davudoğlu yeni hökumətin qurulması ilə də bağlı fikirlərini bölüşüb. Baş nazir məlum müzakirələr başlayandan bu yana ilk dəfə erkən seçkiyə işarə vurub.

Həm Türkiyə, həm də Qərb mətbuatının iddialarına görə, erkən seçki prezident Rəcəb Tayyib Ərdoğanın ən çox arzuladığı variantdır. çünki bu halda Ərdoğan 7 iyun seçkisində itirdiyi bir neçə faizi geri qazanmaq üçün əlindən gələni edəcək və AKP-nin təkbaşına iqtidar olması təmin ediləcək.

Onu da qeyd edək ki, parlament seçkilərindən dərhal sonra Qərb mətbuatı Ərdoğanın üzdə koalisiyaya çalışacağını, sonda isə «biz əlimizdən gələni etdik, alınmadı» deyərək erkən seçkiyə gedəcəyini yazmışdı.

Davudoğluna gəlincə, baş nazir bildirib ki, müxalifətlə anlaşma əldə olunmasa, milli iradənin diktəsi ilə hərəkət edəcək, yəni erkən seçkiyə gedəcəklər. Baş nazir koalisiyaya da qapıları qapatmayaraq müxalifət partiyalarına çağırış edib: «Bu bayram günündə müxalifət liderlərinə səslənirəm. Heybələrində nə varsa, ölkəmizin gələcəyi naminə ortaya qoysunlar. ölkənin itirəcək bir saniyəsi belə, yoxdur. Zamanla oynamaqdan və qapıları bağlamaqdansa, AKP öncüllüyündə yeni bir hökumət qurmaq üçün səy göstərsinlər».