XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 17:23

Qərb və Rusiya Qarabağ rəqabətinə başladı

ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaq istəyirlər, ancaq Moskvada xarici işlər nazirlərinin bu görüşü daha ciddi detallar üzərində qurulub. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşünü şərh edərkən deyib. O, Dağlıq Qarabağ məsələsi ətrafında rəqabət mühitinin formalaşdığını bildirib:

“Belə görünür ki, Qərblə Rusiya Dağlıq Qarabağ məsələsi üzərində bir növ rəqabətə girişib. Hər halda, Rusiyanın Dağlıq Qarabağ məsələsi üzərində təxminən bir müddət bundan öncəki açıq bəyanatları, xüsusən də bunun ardınca Elmar Məmmədyarovun Moskvada çox yaxın zamanlarda məsələnin həll olunmasının vacibliyi ilə bağlı fikir səsləndirməsi sözün əsl mənasında prosesin yerindən tərpəndiyini deməyə əsas verir. Amerikalı həmsədrin Dağlıq Qarabağ və onun ətrafınadakı 7 rayonun qaytarılmasına dair bir neçə gün öncəki bəyanatı və bunun Vaşinqtonun mövqeyi olmasını bildirməsi, bununla parallel olaraq Almaniya bundestaqının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamə çıxarması ona dəlalət edir ki, Qərb Bakının Rusiyaya tərəf meyllənməsi və Qarabağ probleminin həllində Moskvanın təşəbbüsü ələ almasından narahatdır. Hazırda bir rəqabət mühiti formalaşıb. Ancaq bunun həqiqətən sağlam rəqabət olmasını çox arzulardıq”. Politoloqun sözlərinə görə, sentyabra qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda müəyyən dəyişikliklərin şahidi olacağıq: “Bu gün Ermənistana yeganə təsir edəcək ölkə Rusiyadır. Buna görə də Azərbaycan sövdələşməni Rusiya ilə aparır. Bununla bağlı həqiqətən də ciddi irəliləyişlər var. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaq istəyirlər, ancaq Moskvada xarici işlər nazirlərinin görüşü daha ciddi detallar üzərində qurulub. Rusiyanın Azərbaycanla bağlı maraqlı strateji planları çoxdur. Bura Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına cəlb etməklə yanaşı, Avrasiya Birliyi və Gömrük İttifaqına dəvət etməyə qədər məsələlər daxildir. çünki Rusiya Azərbaycan kimi geosiyasi cəhətdən getdikcə inkişaf edən bir ölkə ilə belə birliklərdə Ukraynın yerini doldurmağa çalışır. Belə olan halda da strateji maraqlar fonunda müəyyən sövdələşmələr əldə edilə bilər. Azərbaycan belə addımların öncə onun maraqlarına uyğun olaraq atılmasının üzərində qətiyyətlə durur. Güman edirəm ki, sentyabrın sonuna qədər Dağlıq Qarabağ prosesində korrektiv dəyişikliklərin şahidi olacağıq”.