XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 08:08

Dövlət sirrinin mühafizəsi üzrə tələblər – MTN təsdiqlədi

Milli Təhlükəsizlik Nazirliyi “Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən Tələblər”i təsdiq edib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bu tələblərin müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatla bağlı işlər yerinə yetirən müəssisə, idarə və təşkilatlar, Azərbaycan Silahlı Qüvvələrinin birlikləri, hərbi birləşmələri, müəssisələri, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi qurumları tərəfindən əsas götürülməlidir.

Tələblərin hazırlanmasında məqsəd dövlət sirrinin mühafizəsi üzrə bölmələrin (DSMB) dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsi və müvafiq sənədlərlə işin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılması, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının nəzarətdən çıxması, itirilməsi, aidiyyəti olmayan şəxslərin onlarla tanış olması, surətinin çıxarılması, şəklinin çəkilməsini, yanğın, təbii fəlakət və texnogen qəzalar zamanı məhv olması risklərinin aradan qaldırılması, dövlət sirrinin və onun daşıyıcılarının daha etibarlı mühafizəsinin təmin edilməsidir.

Hər bir təşkilatda DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər dövlət sirri sahəsində mövcud qanunvericiliyin müddəalarını rəhbər tutaraq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təşkilatın fəaliyyət istiqamətləri, təşkilatın yerinə yetirdiyi işlər, təşkilatın yerləşdiyi ərazi, təşkilatın inzibati binasının quruluşu, təşkilatda mövcud olan işçilərin say tərkibi və təşkilatda mövcud olan dövlət sirri təşkil edən məlumatların həcmi nəzərə alınaraq hazırlanır və həmin təşkilata təqdim olunur.

DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər təşkilatın tabeliyində olduğu strukturun rəsmi müraciəti əsasında və ya idarələrarası nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlama zamanı şəraitə uyğun gəlməyən hallar aşkar olunduqda təhlükəsizlik orqanı tərəfindən bir ay müddətində müəyyən edilir.

DSMB yeni yaradıldıqda, təşkilatın dislokasiya yeri dəyişdirildikdə, DSMB əsaslı təmir olunduqda və ya bölmə yeni otağa köçdükdə təhlükəsizlik orqanı tərəfindən DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğu barədə rəy verilir. DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğu tələblərə cavab verdikdə, təşkilat rəhbərliyi məktubla təhlükəsizlik orqanına rəy alınması üçün müraciət edir. Təhlükəsizlik orqanı bir ay ərzində DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğuna dair rəy verir.

Rəy iki nüsxədə tərtib olunmaqla təhlükəsizlik orqanının müvafiq struktur bölməsinin rəisi tərəfindən təsdiq edilir. Rəyin birinci nüsxəsi təşkilata göndərilir, ikinci nüsxəsi təhlükəsizlik orqanında saxlanılır. Rəydə təşkilatın adı, ünvanı, DSMB-nin adı, DSMB-nin otağının yerləşdiyi mərtəbə, otaqların sayı, yaradılmış şəraitə baxılma tarixi, DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirilən tələblər əks olunur, həmçinin rəy tərtib etmiş şəxslər tərəfindən imzalanır.

DSMB-nin fəaliyyəti üçün şəraitin mövcudluğu tələblərə cavab vermədiyi təqdirdə 15 gün müddətində mövcud nöqsanların aradan qaldırılması üçün vaxt verilir. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmasa yaradılmış şəraitə baxılması üçün təşkilat rəhbərliyi təhlükəsizlik orqanına məktubla müraciət etməlidir.