HDP həmsədri Səlahəddin Demirtaş “Habertürk” telekanalında çıxış edərək PKK-nı silah buraxmağa çağırmışdı. üstündən bir həftə keçməmiş KCK (PKK-dan tutmuş PYD-yə qədər bütün kürd separatçı təşkilatlarının birləşdiyi qurum. Kürdçə “Koma Civaken Kürdistan”-“Kürdüstan Topluluqlar Birliyi” sözlərinin baş hərfləri) İcra Şurasının həmsədri Cəmil Bayıqdan tam fərqli bir açıqlama gəlib.
Strateq.az-ın bildirdiyinə görə, Bayıq açıqlamasında “xalqımız öz qanuni müdafiə qurumlarını və şüurunu inkişaf etdirməlidir. Bu, yalnız hərbi gücü böyütməklə məhdudlaşmamalı, xalq olaraq qanuni müdafiə sistemimizi möhkəmlənməsində yer almalı və fəaliyyətimizi genişləndirməliyik. Ellilikcə əlimizə silah almalı, özümüzü qorumalı və təşkilatlanmalıyıq”– deyərək vətəndaşları kütləvi itaətsizliyə və döyüşməyə çağırıb.
Türkiyəni “müstəmləkəçi güc” olaraq xarakterizə edən Cəmil Bayıq sözlərinə belə davam edib: “İŞİD və müstəmləkəçi bütün güclərin hər cür hücumuna qarşı kəndlərdə, şəhərlərdə, məhəllələrdə yeraltı sığınacaqlar, tunellər, mövqe barikadaları yaratmalıyıq. Kəndimizi, şəhər və məhəllələrimizi tərk etməməli, yaşayacağıqsa da, öz torpaqlarında yaşamalı, öləcəyiksə də, öz yurdumuzda ölməliyik. Rojavanın (Şimali Suriya) müdafiəsi bütün Kürdüstanı müdafiə etmək deməkdir. Rojava inqilabına sahib çıxmaqla şərəfli bir həyata sahib ola bilərik-bunun üçün də hər kəs bütün gücünü Rojava inqilabına verməli və özünü bu davaya həsr etməlidir. “