XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

23 Avqust 2016 - 16:32

Referenduma aktına fərqli yanaşma:“Təkliflər iri məmurların maraqlarına toxunur”

isvecre-referendum

 

“Konstitusiyaya dəyişiklik edilməsi haqqında Referendum Aktının layihəsində təqdirəlayiq bir neçə müddəa var-68- ci maddə üçün təklif olunan variant dövlət orqanlarının, vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində şəxsin qanuni mənafelərinin gözlənilməməsi nəticəsində dəymiş zərərə dair mülki məsuliyyətin konstitusiya əsaslarında determinasiya edilməsi kimi”.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Qurbanov deyib.

Əməkdaşımızla söhbətində ekspert təklif olunan 146-cı yeni maddəni də müsbət təklif kimi qiymətləndirib. Həmin maddədə bələdiyyələrin və bələdiyyə qulluqçularının qanuna zidd fəaliyyətləri nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyət nəzərdə tutulur. Təcrübələrə əsaslanan Elçin Qurbanov bələdiyyə və bənzər qurumların özbaşınalıqları nəticəsində xeyli vətəndaşların zərər çəkdiyini, məsələn, bələdiyyə adına satılan torpaqların sonradan dövlət və ya digər qurumlara aid olduğunun anlaşıldığını vurğulayaraq, bu cinayəti törədənlər hüquqi məsuliyyətə cəlb edilsələr də, zərərçəkənlərə kompensasiya ödənmədiyini xatırladıb. Onun fikrincə, dövlət aldadılmış vətəndaşların zərərlərinin ödənməsiylə də maraqlanmalıdır ki, təklif edilən maddələrdə bu problem öz hüquqi həllini tapır.

Bununla belə, ekspert səsverməyə çıxarılan müddəaların bir çoxunun konstitusiya üçün o qədər də konstruktiv məna kəsb etmədiyinə inanır: “Konstitusiya xüsusilə hüququn imperativ tələblərini ortaya qoymalıdır. Qeyri-müəyyənlik yaratmamalıdır. Sözlərin ifrat dərəcədə dəyişdirilməsi müddəaların məna və hüquqi mahiyyətini dəyişdirir. Məsələn; Konstitusiyanın 49-cu maddəsinin II –hissəsinə əlavə üçün təklifdə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə “ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə” sözlərinin daxil edilməsi düzgün məna ifadə etmir. Burada “ictimai əxlaqı pozmamaq şərtilə” sözü çıxarılmalı, əvəzində isə “ictimai qaydanı pozmamaq” şərtinin, yaxud mövcud olan variantın saxlanılması daha məqbuldur. Əxlaqı pozmaq və yaxud əxlaq pozuntusu kimi ifadələr ictimai əxlaq kodeksi təsəvvürü yaradır və ictimai münasibətlərlə aidir. Bu sözlər hüquqi kəsb ifadə etmədiyindən həmin maddələrin Əsas Qanuna salınmasına ehtiyac yoxdur”.

Müsahibimizin razılaşmadığı digər bir maddə Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan 98-ci maddənin I hissəsidir. Təklifdə Milli Məclisin buraxılması qaydaları tənzimlənir və bildirilir: “Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təsdiq etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.”

Elçin Qurbanovun fikrincə, bu müddəa Milli Məclisin ölkənin siyasi həyatında iştirakını məhdudlaşdırır: “İcra hakimiyyətinin mütləq səlahiyyətlərini, o cümlədən qanunverici hakimiyyət üzərində qismən inzibatçılığını təmin edir. Hesab edirəm ki, müddəanın mahiyyəti Respublika tipli dövlət quruluşuna, dövlətin əsaslarına aid edilmiş dövlət hakimiyyətinin bölüşdürülməsi prinsiplərinə uyuşmur. Bununla yanaşı, icra hakimiyyətinin hökumət qarşısında hesabatlılığını məhdudlaşdırır. Bu da öz növbəsində gələcəkdə arzuolunmaz problemlərin meydana gəlməsinə şərait yarada bilər”.

 Təklif olunan 98-ci maddənin II hissəsində “növbədənkənar seçilmiş Milli Məclisin səlahiyyət müddəti 5 ildən az ola bilər” ifadəsi də ekspertin fikrincə, ana qanunvericilik (konstitusiya) üçün qeyri müəyyənlik yaradır: “Prossesual qanunvericilikdən fərqli olaraq qeyri-müəyyənlik konstitusiya üçün məqbul sayıla bilməz”-Elçin Qurbanov belə fikirləşir.

Dəyişiklik nəzərdə tutulan 106.maddənin II-hissəsində vitse-prezidentlərin toxunulmazlığı barədə ifrat üstünlüklərin müəyyən edilməsi də ekspertin razılaşmadığı məqamlardandır. Onun bildirdiyinə görə, dəyişiklik vitse-prezidentlər üçün məhkəmə məsuliyyətini (o cümlədən mülki məsuliyyəti) tamamilə məhdudlaşdıraraq, qanun və məhkəmə qarşısında hər kəsin bərabərliyini istisna edən hal kimi anlaşılır: “Bu da öz növbəsində hüquqi diskriminasiya əlamətlərinin konstitusion əsaslarını yarada bilər. Gələcəkdə dövlətin özünün belə, bu dəyişiklikdən əziyyət çəkmək ehtimalı var. Azərbaycan Respublikası Prezidenti seçkili vəzifədir. Azərbaycan Respublikası Milli Məclisi də həmçinin seçki ilə müəyyənləşir. İstənilən halda dövlətin siyasi mahiyyət daşıyan hakimiyyəti xalq səsverməsi yolu ilə formalaşır. Prezident öz səlahiyyətlərini icra edə bilmədikdə digər seçkili orqanın rəhbəri, Milli Məclisin sədri və ya Milli Məclisin seçdiyi mandatlı şəxs yeni prezident seçkilərinə qədər prezdent səlahiyyətlərini icra etməlidir. Bu halda hakimiyyət yenidən xalqa qaytarılmış sayılır. İstənilən halda hakimiyyətin mənbəyi xalqdır və xalq hakimiyyəti xalqın siyasi iradəsini hökmən ifadə etməlidir. Siyasi hakimiyyətin həyata keçirilməsinin təsadüfi şəxslərə etibar edilməsi, zənnimcə, vəzifə məsuliyyəti baxımından o qədər də məqsədyönlü ola bilməz. Bu məsələdə dövlət özü maraqlı olmalıdır”.

Layihənin 32 –ci maddəyə (Şəxsi toxunulmazlıq hüququ) əlavəsinin VII . hissəsində informasiya texnologiyalarından istifadənin etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadəsinin qadağan edilməsi də Elçin Qurbanov üçün anlaşılmazdır: “Etnik mənsubiyyətin gizli saxlanılması terror və dövləti cinayətlərin gerçəkləşdirilməsini asanlaşdıra bilər. Belə çıxır ki, erməni əslli diversantın etnik mənsubiyyətinin açıqlanması qanunla qadağan edilə bilər və terrorçu belə qanunla ictimai nəzarətdən mühafizə olunaraq asanlıqla istədiyi hərəkətləri edə bilər. Ona görə də həmin sözün çıxarılması ; “şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair zidiyyət yaradan məlumatların açıqlanması kimi istifadə edilə bilməz” kimi yazılışı daha məqsədəuyğundur.

 Ekspert 121-ci maddənin isə adıyla razılaşmır. Bildirdiyinə görə, sözügedən adda bu cür dəyişiklik edilsə daha yaxşı olar: “Maddə 121. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər” kimi deyil, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə dair ( aid edilmiş ) tələblər” kimi redaksiya edilməlidir. Çünki namizədlik prezidentliyə , deputatlığa və bələdiyyə üzvlüyünə aid edilmiş seçkidə iştirak titulu hesab olunur. Bu titulun tanınması üçün müvafiq mərhələnin keçilməsi tələb olunur”.

Bütün bu qeyd olunan iradlara baxmayaraq, ekspert ümumilikdə götürəndə layihədə nəzərdə tutulmuş bütün müddəaların sadə insanların deyil, daha çox məmurların qeyri-qanuni maraqlarına toxunduğuna inanır: “Bu da ölkə rəhbərinin daha çox xalqa etibar etdiyi barədə təəssürat yaradır. Yaxın gələcəkdə əhəmiyyətli islahatların aparılacağını gözləməyi stimullaşdırır. Hesab edirəm ki, hakimiyyətin xalq dəstəyi ilə həyata keçirilməsi ən mükəmməl yoldur. Buna qardaş Türkiyədə baş verən hadisələr əyani misaldır. Çalışmaq lazımdır ki, dövlət yaxşı idarə olunsun. İdarəçilik isə peşəkarlıq üzərində qurulmalıdır. Ona görə də konstitusya sənədi hazırlananda bütün mövcud və gələcəkdə yarana biləcək problemlər nəzərə alınmalıdır”.