"Trampın söylədiklərini ciddi qəbul etməmək lazımdır. O, zənn etmirəm ki, NATO müqaviləsinin 5-ci maddəsinin nə anlama gəldiyini anlayır”.
Strateq.az xəbər verir ki, ABŞ prezidentliyinə namizədin ciddiliyini şübhə altına alan bu sözləri Obama hakimiyyətinin ikinci adamı Co Bayden deyib.
Co Bayden Baltikyanı ölkələrə rəsmi səfərindən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin Donald Trampın “rus təcavüzünə qarşı mübarizədə Baltik ölkələrinin ABŞ-a çox arxayın olmaması” ilə bağlı tövsiyələrini xatırlatmasına cavab olaraq onu da bildirib ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə görə, bütün alyans üzvlərinin öhdəlikləri var və bu öhdəliklərin yerinə yetirilməsi məqsədilə Rusiya ilə sərhəd bölgələrdə hərbi güc daha da artıracaq.
Baltik Agentliyinin məlumatına görə, Bayden ABŞ-dakı iki əsas siyasi partiyanın NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi məsələsində həmfikir olduqlarını da vurğulayıb.
Baltik ölkələrinə səfərini tamamlayan Co Bayden sabah Türkiyəyə gələcək. Ölkənin bir sıra rəsmiləriylə görüşlərində onun Türkiyə-ABŞ və NATO münasibətlərini müzakirə edəcəyi gözlənilir.
Co Bayden ABŞ rəsmiləri arasında beynəlxalq müşkülləri həll edən, korlanan ölkələrarası münasibətləri yenidən tənzimləyən xarakterə sahib olmasıyla tanınır.