Türkiyə Suriyanın şimalında hərbi əməliyyata başladı. Gecə yerli saatla 4.00-də hava hücumlarıyla başlayan hərəkat daha sonra top atışlarıyla davam etdirildi. Son məlumata görə, artıq Cerablus Türk ordusu tərəfindən alınıb.
Əməliyyatın daha da böyüməsi və digər bölgələri əhatə etməsi gözlənilir. Nədən ki, qardaş ölkənin hədəfi Cerablusu ələ keçirmək deyil, son zamanlar Suriyanın şimalında baş verən hadisələrin qarşısını bütövlüklə almaqdır.
Müxtəlif zamanlarda qələmə aldığımız yazılarda həmin hadisələrin mahiyyətindən bəhs etdiyimizdən, üzərində daha artıq durmaq fikrində deyilik. Sadəcə, onu xatırlatmaq yerinə düşərdi ki, Türkiyə neçə ildir, Suriyanın şimalında yerləşən Münbic əyalətini özünün “qırmızı cizgisi” elan edib. Çünki Münbicin kürd separatçıları tərəfindən ələ keçirilməsiylə İranın qərb sərhədlərindən Aralıq dənizinə qədər uzanan zolaqda Böyük Kürdüstan dövlətinin qurulması və əyalətlər arasında torpaq əlaqələrinin yaradılması nəzərdə tutulur. ABŞ tərəfindən açıq şəkildə dəstəklənən bu plan Türkiyə üçün iki cəhətdən təhlükəli perspektiv vəd edir.
Təhlükədən biri Kürdüstan xəyalının reallaşmasından sonra proseslərin Türkiyəyə sıçraması və ölkənin cənubunda etnik əsaslara söykənən vətəndaş müharibəsinin başlaması ehtimalıdır. Qeyd edək ki, bunun əsasları əvvəldən yaradılıb, Türkiyə PKK separatçıları vasitəsilə uzun illər boyu qan gölünə çevrilib. Ərdoğan hakimiyyəti dövründə bu problem siyasi yolla həll edilməyə çalışılsa da nəticə verməyib, nəhayət, “kürd açılımı” siyasətindən vaz keçilib. Son zamanlar Ərdoğanın Rusiya və İrana meyllənməsi isə Qərb ölkələrinin kürd separatçılarını aktivləşdirməsinə səbəb olub.
Rəsmi Ankaranın Rusiyaya meyllənməsi əslində başadüşüləndir. Müttəfiqlərinin Suriyada dəstəklədiyi PYD-nin fəaliyyətləri ilə ərazi bütövlüyü təhdid olunan Türkiyə digər tərəfdən də Rusiya ilə qarşı-qarşıya gətirilmiş, vurulan rus təyyarəsilə iki ölkə arasında yaranan gərginlik onun Suriya sərhədlərinə havadan nəzarət imkanlarını daraltmışdı. Yaşanan bütün hadisələrin öz milli maraqlarının əleyhinə yönəldiyini görən AKP hakimiyyəti çarəni Rusiya ilə münasibətləri normallaşdırmaqda və bugünkü əməliyyatlara zəmin hazırlamaqda görmüşdü.
Kürd zolağını Türkiyə üçün təhlükəli edən digər bir səbəb bu planın baş tutacağı təqdirdə qardaş ölkə ilə müsəlman dünyasının arasında təbii maneənin ortaya çıxmasıyla bağlıdır. Qardaş ölkənin həm İraq, həm də Suriya sərhədləri boyunca uzanan kürd zolağı siyasi xaraktercə hər 3 dövlətlə ziddiyyətdə olacağından, onların inteqrasiyasına və Türkiyənin sünni dünyası ilə əlaqə qurmasına maneə yarada bilər. Sərhədlərinin digər tərəfində isə məzhəb və dövlət maraqları baxımı tarixən toqquşan İran var və Türkiyənin bu ölkə ilə sağlam əlaqələr qurması müşküldür.
Bütün bu amilləri nəzərə alanda Suriyanın şimalında başlayan hərbi əməliyyatın kürd zolağını kəsənə qədər davam edəcəyini gözləmək olar. Bu isə əməliyyatın Münbic vilayətini alana qədər davam etdiriləcəyi mənasına gəlir. Əsl problem də bundan sonra başlayacaq. Zira indiki hərbi qüvvələrilə Türkiyənin həmin əraziləri alması o qədər də çətin deyil. Amma alınanı əldə saxlamaq həmişə asan olmur. Türkiyə də bu problemlə üzləşə bilər. Hədəfə götürülən ərazinin böyüklüyü, ABŞ və Rusiya kimi güclü dövlətlərin Suriyada mövcudluğu Türk ordusuna mənsub əsgərləri ciddi təxribat ehtimalları ilə üz-üzə qoya bilər. Üstəlik, beynəlxalq rəqiblərin əlində PYD, İŞİD kimi qüvvələri Türkiyənin qabağına çıxartmaq imkanları da var ki, bu da qardaş ölkənin işini çətinləşdirir.
Bu qədər çətin şəraitdə başlayan hərbi əməliyyatların ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfəri ərəfəsinə düşməsi də təsadüfi deyil. Görünür, qardaş ölkə öz müttəfiqini fakt qarşısında qoyaraq, “ya mənim əndişələrimi nəzərə alın, ya da əks qütbdə olacağam” mesajı verməyə çalışır.
Hərbi əməliyyatın zamanlaması ABŞ-la Türkiyə rəsmilərinin müzakirə prioritetini də müəyyənləşdirə bilər. Bu günə qədər tərəflərin arasında əsasən Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin müzakirəsi gözlənilirdi. Bugünkü hərbi əməliyyatlarla isə prioritetin dəyişildiyini söyləmək mümkündür. Böyük ehtimalla, ABŞ-Türkiyə arasında əsas müzakirə Suriyanın şimalındakı hadisələrlə bağlı olacaq.
ABŞ-ın “kürd kartı”ndan geri çəkilməsi asan məsələ deyil və bu, bütövlüklə Böyük Yaxın Şərq proyektinin iflası demədir. Çünki həmin proyektin başlıca məqsədlərindən biri regionda kürd dövlətinin qurulmasıdır. Bu məqsədin reallaşması həm Türkiyənin, həm İranının, həm də Suriya və İraqın ərazi bütövlüyünün təhlükə altına düşməsiylə nəticələnə bilərdi və ortaq maraqlar əvvəl-axır hər 4 dövləti eyni məqsəd ətrafında birləşdirməliydi. Rusiyanın proseslərə regional dövlətlərin maraqlarından müdaxilə etməsi isə ABŞ-ın Yaxın Şərqdə əlini zəiflədən əsas amillərdən hesab olunur.
Co Baydenin Türkiyəyə Baltikyanı respublikaları ziyarətdən sonra gəlməsi və səfərdən əvvəl Rusiyanın qərb sərhədlərində NATO qüvvələrinin gücünü artıracaqlarını bildirməsi və ardınca da Türk ordusunun Suriyaya müdaxiləsi də ilgincdir. Mümkündür ki, bu hərbi müdaxilə ABŞ rəsmisini Ankarada xüsusi sürprizlə qarşılamaq məqsədi daşıyır. Bəlkə də Türkiyə öz müttəfiqinə “oyunu qaydalarına görə oynamayanda əlindəki kartlar öz əleyhinə çevrilə bilər” həqiqətini xatırlatmaq üçün bu addımı atıb.
Ankaranın son addımı Co Baydeni ya Türkiyədən əliboş geri qayıtması, ya da öz müttəfiqinin iradəsilə razılaşması seçimi qarşısında qoya bilər. İndiki halda Rusiya ilə ciddi gərginliklər yaşayan ABŞ-ın Türkiyədən vaz keçməsi mümkün görünmür. Münasibətləri yenidən əvvəlki səviyyəyə gətirmək üçün isə Türkiyəyə böyük güzəştlər edilməlidir. Güzəştlərdən biri Gülənin təhvil verilməsi, digəri isə Suriya siyasətini yenidən gözdən keçirilməsi ola bilər. Hər iki güzəşt isə ABŞ üçün asan deyil.
Buna baxmayaraq, onsuz da gedərayaq olan Obama hakimiyyətinin güzəştləri qəbul etməsi mümkündür. Belə olacağı təqdirdə isə, növbəti prezidentlik yarışında Donald Trampın mövqeyi güclənir. Bu da ilk növbədə ABŞ-ın bir çox nəhəng qlobal şirkətlərinin mənafeyinə uyğun gəlmir.
Qeyd edək ki, Co Bayden Baltik ölkələrində səfərdə olarkən, Donald Trampı xarici siyasətdən başı çıxmayan adam kimi xarakterizə edərək aşağılamışdı. Üstündən bir gün keçməmiş isə özü sürprizlə qarşılaşdı. Türkiyənin Suriyaya hərbi əməliyyata başlaması, yəqin ki, tarix kitablarında Obama hakimiyyətinin xarici siyasətində növbəti səhvinin nəticəsi kimi xarakterizə olunacaq.
Heydər Oğuz
Strateq.az