“Əl-Qaidə” terror təşkilatının liderlərindən Möhsün əl-Fəzlinin öldürülməsi xəbəri yayılıb. Strateq.az-ın məlumatına əsasən, Fəzlinin ötən payızda da ABŞ hava hücumları nəticəsində öldürülməsi xəbər verilmiş, Pentaqon yetkililəri isə bunu təkzib etmişdilər.
İndiki məlumatda isə “əl-Qaidə”nin Xorasan qruplaşmasının lideri olan terrorçunun 8 iyulda öldürüldüyü xəbər verilir.
Bu dəfəki xəbəri Pentaqon yetkilisi Ceff Devis də təsdiqləyib. Sözçü tərəfindən yayılan yazılı açıqlamada Möhsün Fəzlin Suriyanın Sarmada şəhərində maşınla gedərkən hava hücumuna məruz qaldığı və zərərsizləşdirildiyi qeyd olunur.
Açıqlamadan o da məlum olur ki, Xorasan qruplaşması əsasən iranlılardan ibarət imiş. Qruplaşmanın maliyyəsindən və silahlı qüvvələrinin gərginlik zonalarına göndərilməsindən sorumlu olan liderinin başına 2002-ci ilin payızında ABŞ ordusu tərəfindən 7 milyon pul qoyulubmuş. “Əl-Qaidə”çi həmin tarixdən bir qədər öncə Küveytin Feyləkə adasında ABŞ donanmasına qarşı düzənlənən terror hücumuna rəhbərlik edib. Pentaqon yetkilisinin açıqlamasında Fəzlin ölümünün ABŞ və müttəfiqlərinə qarşı terror hücumlarının azaldacağına inam ifadə olunub.
Terrorçunun “əl-Qaidə”də çox böyük nüfuz sahibi olduğu bildirilir. O, ABŞ-da törədilən 11 sentyabr hadisəsinin planlaşdırılmasından əvvəlcədən xəbərdar olan bir neçə nəfərdən biri imiş.
Heydər Oğuz