Türkiyənin sərhədlərinə qoşun hissələri toplaması qardaş ölkənin Suriyaya hərbi müdaxilə edə biləcəyi fikrini ağla gətirmişdi. Beynəlxalq hüquq normalarına görə, xeyli mübahisə doğuracaq və bölgədə maraqları olan ABŞ-la Türkiyəni kəllə-kəlləyə gətirə biləcək bu addımın atılıb atılmayacağı müzakirə olunduğu bir zamanda rəsmi Ankaradan məsələylə əlaqədar önəmli xəbərlər və açıqlamalar gəldi.
Strateq.az xəbər verir ki, dünən baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə çankaya Köşkündə Nazirlər kabinetinin toplantısı keçirilib. Türkiyə Silahlı Qüvvələrinin Quru qüvvələri komandanı Xülusi Akar da qatıldığı toplantının əsas müzakirə mövzusu sərhəd təhlükəsizliyi olub.
Bu barədə mətbuata açıqlama verən baş nazirin müavini Bülənd Arınç iclasda əsasən Suriya sərhədində yaşanan hadisələri müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, hökumət nümayəndələri bununla bağlı Müdafiə və Daxili İşlər Nazirliyinin müştərək hazırladıqları təqdimati dinləyiblər. Açıqlamasında o, həmçinin bildirib: “Qarşımızda duran əsas məsələlərdən biri İŞİD təhlükəsinə qarşı terrorçuların keçid nöqtələrini qarşısını kəsmək və bunun üçün fiziki maneələr yaratmaqdır. Sərhədlərdə fiziki təhlükəsizlik sistemi qurulacaq. 910 km-lik sərhədin təhlükəli görülən yerlərində texnoloji sistemlərdən faydalanılaraq işıqlandırma, xəbərvermə sistemləri, xəndək kimi bir çox fiziki sədlər çəkiləcək”.
Giriş-çıxışların baş verdiyi sərhəd nöqtələrini təsbit etdiklərini deyən Arınç ətraflı araşdırma apardıqlarını da nəzərə çatdırıb: “Texniki məsələlərdə müəyyən razılığa gəldik. Terroristlərə və qaçaqçılara mane olacaq bir sistem yaratmaq üçün “ASELSAN” şirkəti mükəmməl bir layihə hazırlayıb. Həyata keçirilməsi uyğun görüldü. Hörmətli baş nazirimizin də təlimatları bu istiqamətdə oldu. “
Hökumət yetkilisi Türkiyənin İŞİD-lə əlaqəsi barədə deyilənlərə də münasibətini bildirib. Onun sözlərinə görə, bu fikirlər qərəzli təbliğat kampaniyasının tərkib hissəsidir: “Bu alçaqca bir yalandır. Heç bir nöqtəsi doğru deyil. İŞİD Türkiyənin lənətlədiyi bir terror təşkilatıdır. ölkəmiz terrorun hər növüylə olduğu kimi, bu təşkilatla da mübarizə aparmağa qərarlıdır “