XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 15:17

“FED-in uçot dərəcəsini artırması manata təzyiqi yüksəldəcək”-Samir Əliyev

samir eliyev

ABŞ Mərkəzi Bankı, başqa adıyla FED gələn ay üçün uçot dərəcələrini artıra bilər.

Strateq.az xəbər verir ki, bu iddia ABŞ-ın ən nüfuzlu investisya banklarından Goldman Sachs tərəfindən irəli sürülüb.

FED rəhbəri Janet Yellenin cümə günü ABŞ iqtisadiyyatını təhlil edərək, "uçot dərəcələrini artırma zəmininin son aylarda gücləndiyinə inanıram" fikrinə əsaslanan  Goldman Sachs öz hesabatını açıqlayıb.

Hesabatda FED yetkililərinin ötən iki həftə ərzində ABŞ iqtisadiyyatındakı yaxşılaşma və yaxın gələcəkdə faiz dərəcələrini artırma haqqında mülahizələr yürütdüyünə diqqət çəkən Goldman Sachs faiz artımı ehtimalının artdığını və bu barədə proqnozunu 30%-dən 40%-ə yüksəltdiyini bildirib.

Bəs, görəsən, FED-in gözlənilən bu addımı Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər? Onsuz da özünün böhran dövrünü yaşayan manat daha da ucuzlaşa bilərmi?

Sualımızı cavablandıran iqtisadçı ekspert Samir Əliyev də FED-in uçot dərəcələrini artıracağını istisna etmir. Onun sözlərinə görə, FED-in 2016-cı ildə daha 3 iclası olacaq və güman olunur ki, iclasların birində heç olmazsa 1 dəfə uçot dərəcələri qaldırılacaq: “Halbuki, ilin əvvəlində 3 dəfə artım proqnozlaşdırılırdı. Hazırda isə 1 dəfə artım ehtimalı da yüksək deyil. Artımın daha çox dekabr iclasında olacağı ehtimal edilir. Az da olsa, sentyabrda da artım ehtimalı var”.

FED uçot dərəcələrini qaldırsa, sözügedən artımın dolların əsas valyutalara münasibətdə bahalaşmasına gətirib çıxaracağını bildirən ekspertin fikrincə, bu, neftin qiymətinə də mənfi təsir göstərə bilər: “Bütün bu proseslər manata təzyiqi artıracaq. Milli valyutamızın məzənnəsi elan edildiyi kimi üzən məzənnə ilə müyyən olunsaydı, uçot dərəcəsi qaldırılan andan onun dollara münasibətdə ucuzlaşmasının şahidi olardıq. Necə ki, rus rublu və qazax təngəsinin timsalında bunu müşahidə edəcəyik. Ancaq manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Azərbaycanda hazırda manata təzyiqlər FED-in qərarı olmadan belə, yüksək səviyyədədir. Mərkəzi Bank manatı çətinliklə qoruyur. FED-in qərarı təzyiqi daha da artıra bilər”.

Bəs, hökumət manatın məzənnəsini real bazar dəyərinə necə uyğunlaşdıracaq? 

Samir Əliyevin fikrincə, manatın ucuzlaşdırılmasının bir sıra forması müzakirə olunur: “Məzənnənin real bazar dəyərinə uyğunlaşdırması ya yumşaq davam etdiriləcək, ya da sərt addım atılacaq. Amma istənilən halda, manatın taleyi FED-in qərarından asılı olmayacaq.  Çünki FED bu il uçot dərəcəsini qaldırmasa da, manat üçün təhlükə sovuşmayacaq. Çünki manatın problemi fundamentaldır. FED-in qərarı sadəcə devalvasiya ehtimalını artıran bir vasitə ola bilər”.

Strateq.az