Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirdiyi mitinqlə bağlı məlumat yayıb.
İdarədən verilən məlumatda bildirilir ki, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.