XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 12:51

“Devalvasiya dayanmayıb ki, biz növbətisini gözləyək” –Deputatdan manatla bağlı xəbərdarlıq

vahid_ehmedov_yeni

Hazırda ölkə ərazisində dollar qıtlığı yaşanır. Kommersiya bankları müştərilərə dollar satmaqdan imtina edir. Əvəzində isə “qara bazar” canlanır. Buna adekvat olaraq isə hər gün mağaza və marketlərdə, bazarlarda qiymətlərin qalxması müşahidə edilir.

Ekspertlər növbəti kəskin devalvasiya dalğası barədə anonslar verirlər. Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bunu hesablamaq üçün isə hansısa mütəxəssisin təhlilinə ehtiyac qalmır. Məsələn, əvvəl dükan, bazarda 100 manata aldığımız ərzaq və qeyri-ərzaq məhsulunun heç yarısını indi ala bilmirik. Çünki, hər gün piştaxtalarda yeni qiymətlə qarşılaşırıq…

Strateq.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, manatın devalvasiyası onsuz da hər gün baş verir:

“Mərkəzi Bank tərəfindən aparılan siyasət nəticəsində milli valyuta hər gün yumşaq şəkildə dəyərdən düşür. Devalvasiya dayanmayıb ki, biz növbətisini gözləyək. Bu devalvasiya manatın öz dəyərini alacağına qədər davam edəcək. Necə ki, Qazaxıstanda, Rusiyada həyata keçirilən siyasət nəticəsində rubl və təngə öz bazar dəyərində fəaliyyət göstərir”.

V.Əhmədov dollar qıtlığının növbəti devalvasiya anonsu ilə əlaqəsi olmadığını vurğulayıb: “Son vaxtlar Azərbaycanda “qara bazar” güclənib. Bu bazar müəyyən qüvvələr tərəfindən idarə edilir. Bəzi kommersiya banklarının da onlarla əlaqəsi istisna edilmir. Bu səbəbdəndir ki, “qara bazar” canlanıb. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. “Qara bazar”ın mövcudluğu ölkəmizdə dollar qıtlığının yaranmasına səbəbdir. Hazırda Azərbaycanda çox sayda turistlər, əcnəbilər var. Onlar dolları xırdalamaq üçün əziyyət çəkirlər”.

İqtisadçı-deputat ölkədə sürətli bahalaşma getdiyini təsdiq edib:

“Buna da səbəb müəyyən məhsulların, onların komponentlərinin xaricdən idxal olunmasıdır. Dollar bahalaşıbsa, buna uyğun olaraq məhsullar da bahalaşdırılır. Hökumət, dövlət qurumları, ayrı-ayrı şirkətlər bunu inkar etsələr də, fakt ortadadır”.