Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) Suriya rejimi və İŞİD-in kimyəvi silahlardan istifadə etdiyini ortaya qoyan hesabat müzakirəyə çıxarılıb.
Strateq.az xəbər verir ki, BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatı toplantı iştirakçılarına işçı qrupunun rəhbəri argentinalı diplomat Virginia Gamba təqdim edib.
Qapalı keçirilən toplantıdan sonra jurnalistlərin qarşısına çıxan Gamba araşdırdıqları hadisələrin təfsilatından danışıb. Onun bildirdiyinə görə, araşdırılması tələb olunan 9 hadisədən ikisinin Suriya Hava Qüvvələri, birinin isə İŞİD tərəfindən təşkil edildiyi qənaətinə gəliblər. Digər üç hadisənin dəlilləri isə məhkəmə-tibb ekspertizası tərəfindən araşdırılmaqdadır və nəticələr sentyabr ayının əvvəllərində müəyyən olacaq. Qalan üç hadisəyə bağlı isə kifayət qədər məlumat və dəlil tapa bilmədiklərini etiraf edən Gamba Suriyada fərqli aktyorların hücumlarda müxtəlif kimyəvi maddələrdən yararlandıqlarını diqqətə çatdırıb: "Bu hücumları həyata keçirənlərin şəxsiyyətləri müəyyənləşdirilməli və onlar məhkəmə önünə çıxarılmalıdır. Hesabatımızın buna yardımı olacağını ümid edirik."
Məlumata görə, Gambanın hesabatına BMT TŞ-nın daimi üzvlərinin münaisbəti birmənalı olmayıb. ABŞ, İngiltərə və Fransa səfirləri beynəlxalq hərb qanunlarını pozanlara qarşı dərhal sanksiya tətbiq olunması üçün gecikmədən hərəkətə keçməyin lazımlılığını bildirsələr də, Rusiya yenə özünü tərsliyə qoyub.
Ölkənin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin mətbuat açıqlamasında hesabatla bağlı bəzi şübhələrinin olduğunu deyib. Onun sözlərinə görə, sənəddə İŞİD-in kimyəvi silahlardan istifadə etdiyi tam sübuta yetirilsə də, Əsəd rejimiylə bağlı ittihamlar əsaslı deyil. Belə ki, “hesabatda tüstüləyən ya da üzərində barmaq izi olan hər hansı silah təsbit edilmədiyindən" söhbət gedir. Rusiya diplomatının məntinqincə, partlamış mərmidə gərək ondan istifadə edənin barmaq izi tapıla ki, fakt sübuta yetirilə.
Çurkin hesabatın şahid ifadələrinə söykəndiyini, bunun isə ciddi əsas sayılmadığını, ittihamların fiziki dəlili olmadığını və məsul şəxslərin müəyyən edilmədiyini bildirərək, sanksiya qərarı almaq üçün faktların yetərsizliyini irəli sürüb.