XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 19:57

Terrorizm bombası sufilərin saqqalında partladı

Türkiyənin cənub-şərqində saqqal təraşı xeyli dəbə minib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi İŞİD-ə qarşı yüksələn ictimai qınaqdır. İŞİD-çilərlə qarışdırılacağından və özlərini sübut edənə qədər iş işdən keçəcəyindən ehtiyatlanan saqqalılar çarəni bərbərə qaçmaqda görürlər.

Xüsusilə Suruçda baş verən məlum terror hadisəsindən sonra bərbərlər xeyli pul qazana bilirlər. Bərbərxanalar hər gün öz növbəsini gözləyənlərlə dolub daşır. Bənzər vəziyyət yalnız bir dəfə – İŞİD-in Suriyada Kobani qəsəbəsinə hücumu zamanı müşahidə olunubmuş.

Bunu mətbuata 45 illik məslək təcrübəsi olan Mehmet adlı bərbər açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər sifətlərinə ülgüc yaxınlaşdırmayan sufilər də saqqaldan vaz keçməyə başlayıblar: “Gəlib bizdə saqqalını tamamən kəsdirən sufilər oldu. Onlar daş-qalaq olunacaqlarından çəkinirlər. Saqqalını dibdən təraş etdirməyənlər belə onu xeyli seyrəltdirirlər”.

Görünən budur ki, Türkiyədə İŞİD-ə qarşı nifrət sufilərin başında, daha dəqiqi, saqqalında partlayıb.

Heydər