Türkiyə hökuməti İŞİD və PKK-ya qarşı hərbi əməliyyatları davam etdirəcək.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün mətbuat konfransı keçirən baş nazir Əhməd Davudoğlu bildirib.
Davudoğlunun sözlərinə görə, Türkiyə demokratik hüquq dövlətidir və qanundan kənar addım atan hər kəs cəzasını alacaq. Baş nazir Suriyada üçüncü, İraqda ikinci əməliyyatın başladılmasına qərar verdiklərini də açıqlayıb:
«ötən gecə Türkiyənin 22 ayrı şəhərində keçirilən əməliyyat zamanı 288 nəfər həbs olunub. Həbs olunanlar arasında hər üç terror təşkilatının üzvləri var. Bilirsiniz ki, bundan əvvəl də həbs olunanlar var idi. Hazırda saxlanılanların ümumi sayı 590-dır. Əməliyyatlar təhlükə aradan qalxana qədər davam edəcək. Qərarlı olduğumuza kiminsə şübhəsi olmasın. Bu əməliyyatların birinci hədəfi demokratiyadır. Əsas məqsədimiz demokratiyanı qorumaqdır».
Davudoğlu Türkiyəni qarışdırmaq istəyən terror qruplarına da çağırış edib: «Türkiyə illərdir terrorla mübarizə aparır. Bütün bu cinayətlərin cəzasını alacaqsınız. Heç kim Türkiyəni təhdid etməsin».