Ekspertlər bildirirlər ki, sərəncam turizmin inkişafına kömək edə bilər, çünki…
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək. Turist axını ilə bağlı prioritet sayılan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək.
APA-nın məlumatına görə, bu, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentinə təqdim etməlidir.
Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, sənəd iş adamlarının və xarici investorların Azərbaycanda turizm sahəsinə investitsiya yatırmalarını stimullaşdıra bilər:“Azərbaycanda turizmin inkişafını əks etdirən strateji yol xəritəsinin ilkin layihəsi artıq hazırdır. Bu sənəddə ölkədə turizmin inkişafında əsaslı dönüş yarada biləcək addımların atılması nəzərdə tutulur. Ölkə başçısının son sərəncamı Azərbaycanda turizmin inkişafına ciddi təkan verə biləcək mühüm bir addımdır.
Sərəncamla Azərbaycanda xüsusi olaraq Turizm Şurasının yaradılması nəzərdə tutulur. Şura turizm sahəsində mövcud vəziyyəti təhlil edərək, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin etməklə yanaşı, turizm sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini də həyata keçirəcəkdir. Bu, çox mühüm bir məsələdir. Çünkü turizm sahəsində bu günə mövcud olan bir çox problemlərin kökü məhz aidiyyatı qurumların və icra orqanlarının arasında bu sahədə əlarələndirmənin olmamasından və ya zəif olmasından irəli gəlirdi.
Bir sözlə, sənəd iş adamlarının və xarici investorların Azərbaycanda turizm sahəsinə investitsiya yatırmalarını stimullaşdıra biləcək tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutmaqla yanaşı, turistlərin Azərbaycan sərhədlərindən daxil olmasından başlamış, onlara bütün səviyyələrdən olan xidmətlərinin yüksək səviyyədə təşkil edilməsini nəzərdə tutan kompleks tədbirləri də özündə əks etdirir. İndi söz bu sənədin icrasını təmin edəcək aidiyyatı qurumlarındır”.
Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, sərəncam turizmin inkişafına kömək edə bilər:“Turizm Azərbaycan üçün prioritet sahələrdən biridir. Turizmin digər sektorlardan fərqi ondan ibarətdir ki, xarici valyutanı dərhal ölkəyə gətirə bilir. Turizm valyuta deməkdir, iqtisadiyyata sərmayə deməkdir. Araşdırmalar göstərir ki, ölkəyə gələn hər bir turist orta hesabla 800 dolar pul xərcləyir. Bu, o deməkdir ki, turistin ölkəyə gəlməsi iqtisadiyyata investisiyadır. Bu baxımdan, turizmə diqqət başadüşüləndir. Valtuya ehtiyatlarının müəyyən hissəsinin qarşılanması baxımından vacibdir. Qısamüddətli dövrdə hökumət çalışmaldıır ki, turizmi inkişaf etdirməyə daha çox valyutanın ölkəyə daxil olmasına na il ola bilsin”.
Ekspertin sözlərinə görə, turizm nümayəndəliklərinin yaradılması birbaşa turizm potensialının tanıdılması ilə bağlıdır: “Müxtəlif ölkələrdə Azərbaycana turistlərin marağının cəlb edilməsinə ehtiyac var. Məsələn, Rusiyada, Azərbaycanda sağlamlıq turizminə böyük maraq var. Sağlamlıq turizminin daha çox təqdim edilməsinə ehtiyac var. Bəzi avropa ölkələrində tarixi turizmə daha böyük maraq var. O baxımdan, bu istiqamətdə ölkəni həmin yerdə tanıtmaq vacibdir. İstirahət, çimərlik, dağ-meşə turizminə də maraq yüksəkdir. Maraq müxtəlif ölkələrdə fərqlidir. Xarici ölkələrdə Azərbaycanın turizm potensialına turistlərin maraqları fərqlidir. Bu baxımdan, ölkələrin maraqlarına uyğun olaraq Azərbaycanın turizm potensalı təqdim edilməlidir. Son dövrlər ərəb ölkələrindən də daha çox turist axınının olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, yaradılacaq nümayəndəliklər vasitəsi ilə ölkənin turizm potensalının təqdim edilməsi turizmin inkişafına təkan verə bilər. Eyni zamanda, viza sisteminin daha da sadələşdirilməsi, vizasız ölkələrin sayının artırılmasına nail olmaq daha məqsədəuyğun olardı”.