XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 16:52

Türkiyə hara sürüklənir?

Turkish tanks

Bu gün səhər saatlarında Türkiyənin Hakkari vilayətinin Çukurca mahalında keçirilən hərbi əməliyyatda  3 əsgər şəhid olub, 20-si yaralanıb. 
Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

Ümumiyyətlə, 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyənin həm öz sərhədləri xaricində, həm daxildə apardığı terrorizmə qarşı mübarizəni gücləndirdiyi, nəticədə itkilərinin sayının artdığı xəbər verilir. Xüsusilə sentyabr ayı başlayandan bəri ölkənin müxtəlif regionlarından gələn "qara xəbərlərin" artdığı müşahidə olunur. Ötən gün Vanda 8 hərbçinin şəhadət xəbərini bu gün Hakkari vilayətindən gələn son məlumat izlədi. Türkiyənin bəzi böyük şəhərlərində müxtəlif silahlı təşkilatların törətdiyi və ya törətməyə çalışdığı terror aktlarının da sayı artmaqdadır. Digər tərəfdən isə Türkiyə dünyanın müxtəlif ölkələrindən "Fərat qalxanı" əməliyyatını dayandırması üçün ciddi basqılara məruz qalır.
Ekspertlər qardaş ölkədə son zamanlar gərginliyin bu dərəcədə artmasını təsadüfi saymırlar. Onların fikrincə, 15 iyul hadisəsi zamanı əslində Türkiyədə inqilabi şərait hələ yetişməmişdi. Dolayısıyla hərbi çevriliş üçün də münbit zəmin yox idi. Məlum çevriliş cəhdi bu mənada son hədəf yox, bu hədəfə aparan yol idi. Daha aydın dillə desək, Türkiyədə stabilliyi pozmağın və hərbi çevriliş üçün münbit şərait yaratmağın ilkin mərhələsi idi. Məqsəd günü-gündən sabitliyin pozulacağı planlaşdırılan ölkədə vətəndaşları AKP hakimiyyətinin artıq zərərli olduğuna inandırmaq və hər kəsi əsgəri çevrilişi arzulayan hala gətirməkdir.
Maraqlıdır ki, stabilliyin pozulması əməliyyatı təkcə hərbi sahədə getmir. Ölkənin digər sahələrində də gərginliyi artıran hadisələrin intensivliyi artırılır. Rəsmi Ankaranın hərbi çevrilişin qarşısını almaq üçün keçirdiyi tədbirlər belə, bəzən bu prosesin əleyhinə işləyir.
Əsasən də, AKP hökumətinin FETÖ-çü adlandırdığı qrupa qarşı amansız mübarizəsi bu çözülüşü sürətləndirir. FETÖ-nün fəaliyyət istiqamətlərindən birinin də iqtisadi  mühitlə bağlı olması zaman-zaman bir sıra iş adamlarının sıxışdırılmasına yol açır. Bu isə öz növbəsində nişangaha çevrilən iş adamlarının ölkəni tərk etməsiylə nəticələnir. Son zamanlar Türkiyədən xaricə qaçan iş adamlarının mühacirəti ölkənin iqtisadi potensialını zəiflədir, potensial ictimai narazılıqların əsasını yaradır. FETÖ-çü ittihamıyla onminlərlə insanın işdən qovulması, minlərlə şübhəlinin həbsə atılması da narazı kütləni böyüdür, aqressivləşdirir. Zaman keçdikcə ölkə üzərinə beynəlxalq basqıların şiddətlənməsi, ordunun Suriyanın şimalında qarşılaşacağı sürprizlər də bardağı daşıran damla rolunu oynaya bilər.
Qardaş ölkədə son zamanlar terrorçu hücumların artması da bu kompleks tədbirlərin tərkib hissəsi təsirini bağışlayır.
Heydər
Strateq.az