Xəbər verildiyi kimi, erməni separatçıları Dağlıq Qarabağ və ona bitişik olan işğal edilmiş ərazilərimizdə yeni yaşayış kompleksləri tikməyə başlayıblar.
Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu faktla bağlı Azərbaycan çox ciddi addımlar atmalıdır:
"Xatırlayırsınızsa, bir müddət əvvəl erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də, illərdir istifadə edə bilmirlər. Çünki Bakının mesajı budur ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək. Başqa sözlə, həmin təyyarələr vurulacaq. Bu xəbərdarlıq mesajı işə yaradı, separatçılar hava limanını istifadə edə bilmirlər.
Məncə, indi də növbəti xəbərdarlıq mesajına ehtiyac var. Bəli, separatçılar Şuşa, Laçın və Kəlbəcərdə yeni yaşayış kompleksləri, yataqxanalar və daha nələr açırlar. Növbəti mesaj bundan ibarət olmalıdır ki, yerlərindən zorla didərgin edilən azərbaycanıların yaşayış məntəqələrində tikilən obyektlər qanunsuzdur və separatçılar bu prosesi dayandırmasalar, həmin obyektlər Azərbaycanın hərbi hava qüvvələri tərəfindən neytrallaşdırılacaq".
Politoloqun sözlərinə görə, bu, beynəlxalq aləmə və Rusiyaya da mesaj olar ki, əgər müharibə istəmirlərsə, Ermənistanı təxribatçı fəaliyyətdən çəkindirsinlər.