XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 19:12

Qlobal neft bazarında çalxalanma:Rusiya-Səudiyyə Ərəbistanı strateji ortaqlığı realdırmı?

 

petrol

Ötən gün London birjasında satış dəyərini 46.83 dollarla tamamlayan Brend markalı neft bu gün 49.38 dollara qədər yüksəlib.

Strateq.az xəbər verir ki, neft qiymətlərinin 2.5 dollara qədər artması Rusiya ilə Səudiyyə Ərəbistanı arasında mühüm razılaşmaların əldə olunması ilə izah olunur.

Məlumata görə, Çində keçirilən G-20 dövlətlərinin liderləri sammiti çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanı enerji nazirlərinin görüşü olub. Nazirlər neft bazarında sabitliyi təmin etmək məqsədiylə birgə bəyannamə imzalayıblar.

Rusiyanın enerji naziri Aleksandr Novak və onun ərəb həmkarı Xalid əl Fəlihin imzaladığı bəyannamədə bu ölkələrin neft bazarında stabilliyi dəstəklənməsi üçün ortaq hərəkət edəcəklərinə dair öhdəlik götürdükləri qeyd olunur. Sənəddə qeyd olunur ki, tərəflər neft bazarının monitorinqi üçün iş qrupu yaradacaqlar. İş qrupu bazarın sabitliyinin təmin edilməsi məqsədilə təkliflər hazırlayacaq. Rusiya və Səudiyyə Ərəbistanı enerji nazirləri isə işçi qrupunun təkliflərini dəyərləndirmək üçün  bu ilin oktyabr ayında Əlcəzairdə, noyabrda isə Avstriyanın paytaxtı Vyanada bir araya gələcəklər.

Rusiyanın enerji naziri Novak imzalanan bəyannaməylə bağlı məlumat verərək qeyd edib ki, həmin sənəd strateji enerji ortaqlığına doğru atılmış mühüm addımdır. Novakın fikrincə, ortaq bəyannamə Rusiya və Səudiyyə Ərəbistanı arasındakı qarşılıqlı etimadın səviyyəsini, ölkələrin qlobal problemlər qarşısında birgə tədbirlər görməsini təmin edəcək. O, həmçinin bildirib ki, neft istehsalının səviyyəsinin dondurulmasına istiqamətində hər hansı bir qərar qəbul edilərsə, Rusiya bu öhdəliyə sadiq qalacaq.

İki ölkənin enerji nazirlərinin ortaq bəyannaməsindən dərhal sonra qlobal neft bazarında 3%-lik qiymət artımı qeydə alınıb. Daha sonra bu artım 6%-ə qədər yüksəlsə də, daha sonra qiymətlər yenidən ucuzlaşıb. Hazırda bir barrel Brend markalı neft 47.35 dollardan satılır.

Qeyd edək ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən bu tipli görüşlər ilk deyil. İlin əvvəlində də Rusiya, başda Səudiyyə Ərəbistanı olmaqla, bütün neft istehsal edən ölkələri hasilatı azaltmaq və ya dondurmaq məqsədilə müzakirəyə çağırmışdı. Aprel ayının 17-də Qətərin paytaxtı Dohada keçirilən sammitdə tərəflər heç bir razılığa gələ bilməmişdilər. Səbəb Səudiyyə Ərəbistanının əldə edilən bu razılığa İranın da uymasını şərt qoşması olmuşdu. Beynəlxalq sanksiyalardan yenicə canını qurtaran İran isə hasilatı embarqolardan əvvəlki səviyyəyə gətirəndən sonra razılaşmalara əməl edəcəyini açıqlamışdı. Bu da sanksiyalar səbəbiylə gündə 1.5 milyon barrel neft istehsal edən ölkənin hasilatı 4-5 milyon barrelə qədər yüksəltməsi, dolayısıyla, onu ən azı iki dəfə artırması demək idi. İranı özünün əzəli düşməni sayan Səudiyyə Ərəbistanı isə bu şərti qəbul etmək, öz bazarını rəqibinin xeyrinə itirmək istəmirdi.

Xatırladaq ki, Çində keçirilən G-20 sammitindən əvvəl Rusiya İrana müraciət edərək, onu da OPEK-in qəbul edəcəyi neft hasilatını indiki səviyyədə dondurmaq qərarına uymağa çağırmışdı. Görünür, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında dil tapılmasında bu müraciətin də mühüm rolu olub.

Buna baxmayaraq, rəsmi Riyadın Rusiya ilə strateji enerji ortaqlığının perspektivinə inanmaq da sadəlövhlük olardı. Öz taleyini ABŞ-ın himayəsində görən Səudiyyə krallığının indiki kritik vəziyyətdə Rusiyaya yaxınlaşması Vaşinqtona arxa çevirmək deməkdir ki, Riyadda bunun hansı aqibətlə nəticələnə biləcəyini yaxşı anlayırlar. Mümkündür ki, krallığa İran-Rusiya arasındakı isti münasibətləri pozmaq, Yaxın Şərqdə Moskvadan dəstək alan şiə ittifaqını zəiflətmək üçün bu cür manevrlər gərəklidir.  Bu isə Rusiya Səudiyyə Ərəbistanı arasında imzalanan ortaq bəyannamənin taleyini şübhə altında qoyur.

Kim bilir, bəlkə də Rusiya və Səudiyyə Ərəbistanının enerji nazirlərinin imzaladığı ortaq bəyannamədən sonra kəskin şəkildə artan neft qiymətlərinin sabit qalmaması, yenidən ucuzlaşması da bu şübhə ilə bağlıdır. Görünür, qlobal neft bazarında da qiymətlərin yüksəliş trendinə inananlar sevinclərində xeyli tələsdiklərini anladıqlarından, geri çəkilməli olublar. Təsadüfi deyil ki, bu yazı qələmə alınmağa başlandığı an 47.35 dollar olan bir barrel Brent markalı neft indiki sətirləri yazarkən artıq 47.25 dollara düşmüşdü.

Heydər Oğuz

Strateq.az