XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 23:38

NATO-nun Baş katibi:“Qapımız Gürcüstanın üzünə açıqdır”

nato

“Gürcüstanın NATO-nun üzvü olacaq, bu, Varşava sammitində bir daha təsdiqləndi”.

Starteq.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Cens Stoltenberq deyib.

Gürcüstanda səfərdə olan Baş katib qonşu dövlətin nə zaman alyansa üzv olacağının isə rəsmi Tiflisin aparacağı islahatlardan asılı olduğunu bildirib. Onun sözlərinə görə, bir çox sahədə təsirli islahatlar aparan Gürcüstana NATO üzvü olması üçün hər cür dəstək verilir.  

Stoltenberq NATO-nun Qara dəniz bölgəsindəki varlığını gücləndirmək istədiyini də gizlətməyib. O, etiraf edib ki, iyul ayında keçirilən Varşava sammitinin qəbul etdiyi qərarlar arasında bu hədəf mühüm yer tutub.  NATO qüvvələrinin Qara dənizdə qüvvələrini artırmaq istəyini Avro-Antlantik regionun təhlükəsizlik strategiyasıyla əsaslandıran Baş katib bildirib ki, Rusiyanın Krım yarımadasında ciddi şəkildə hərbiləşdirmə siyasəti apardığı müşahidə olunur: “Odur ki, NATO da Qara dənizdəki varlığını artırmağa qərar verib. Bu istiqamətdə hərbi mütəxəssislərlə ciddi şəkildə çalışırıq. "

Stoltenberq Alyans üzvlərinin Ukrayna və Gürcüstan kimi ölkələrlə yaxın əlaqələrdə maraqlı olduqlarını, onlarla dialoq qurmağa son dərəcə əhəmiyyət verdiklərini bildirib.

Gürcüstanın gözlənilən NATO üzvlüyünə Rusiyanın necə reaksiya verəcəyi ehtimalına da toxunan Baş katib Alyansın qapılarının Gürcüstanın üzünə açıq olduğuna eyham vuraraq deyib: "NATO-nun qapısı açıqdır və biz bunu dəfələrlə nümayiş etdirmişik. Rusiyanın NATO-nun genişlənməsinə etirazlarına baxmayaraq, hədəflərimizdən yayınmamışıq. Artıq Çernoqoriya 29-cu üzvümüz olacaq."

Qeyd edək ki,  Cens Stoltenberq Tiflisdə keçirilən NATO-Gürcüstan Komissiyası 4-cü toplantısında iştirak etmək üçün Gürcüstandaydı.