11 sentyabr terror aktı zamanı həyatını itirənlərin ailələrinə Səudiyyə Ərəbistanına qarşı dava açmaq haqqı verən qanun layihəsi bu həftə ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarıla bilər.
Strateq.az xəbər verir ki, Konqresdəki respublikaçı nümayəndələrin ABŞ mətbuatına verdikləri açıqlamada belə deyilir.
Məlumata görə, layihə bu həftənin sonuna qədər Nümayəndələr Məclisinin Baş Assambleyasında müzakirəyə çıxarılacaq.
Bir demokrat, bir respublikaçı senator tərəfindən hazırlanan və may ayında yekdilliklə Senatda qəbul olunan layihənin Nümayəndələr Məclisindən də rahatlıqla keçəcəyi bildirilir. Daha sonra layihə 11 sentyabr hücumlarının 15-ci ildönümündən əvvəl təsdiqlənmək üçün ABŞ prezidenti Barak Obamaya təqdim olunacaq. Obama isə, böyük ehtimalla, layihəni veto edəcək.
1976-ci ildə qəbul edilən indiki qanunvericilik aktları ABŞ məhkəmələrində başqa ölkələr haqqında iddia qaldırılmasına mane olur. Layihə də bu qanunlardakı həmin maneələri aradan qaldırmaq üçün hazırlanıb.
Xatırladaq ki, məsələ ilk dəfə gündəmə gəldiyi zaman Səudiyyə krallığı tərəfindən sərt reaksiya ilə üzləşmişdi. Rəsmi Riyad layihənin qəbul ediləcəyi halda, ABŞ-da olan 750 milyard dollar dəyərindəki sərvətini satacağını bildirmişdi.
İqtisadçılar bu təhdidin həyata keçiriləcəyi təqdirdə ABŞ iqtisadiyyatının ciddi şəkildə sarsılacağını dilə gətirmiş və Vaşinqtonu bu təhlükənin qarşısını almağa çağırmışdılar. Bütün bu xəbərdarlıqları nəzərə alan Obama hakimiyyəti hərəkətə keçmiş, layihənin qəbul olunmaması üçün lobbi çalışmalarına başlamışdı.
Qanunvericiliyə görə, ABŞ prezidentinin Senat və Konqresdə qəbul olunduqdan sonra layihəyə veto qoymaq hüququ var və Ağ ev prezidentin bu hüquqdan istifadə edəcəyini açıqlamışdı.
Ağ evdən konqresmenlərə bildirilmişdi ki, başqa ölkələrin məhkəmələrində də ABŞ əleyhinə bənzər iddialar irəli sürülür. Bu qanun layihəsi qəbul edilərsə, həmin ölkələr də oxşar addımlar ata və Amerika vətəndaşlarınin işgüzar fəaliyyətləri və azadlıqları təhlükə altına düşə bilər.