Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov «The Washington Post»un ABŞ-ın Suriya ilə bağlı Moskvaya son dəfə təklif verməsi barədə iddiasına aydınlıq gətirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Peskov son təklif barədə yazılanların həqiqəti əks etdirmədiyini bildirib: "Rusiya və ABŞ Suriya münaqişəsinin nizamlanmasına dair ortaq sənəd üzərində işi davam etdirir. Cəmi bir neçə məqamla bağlı kompromisə varılmayıb. Məqalədə Vaşinqtonun Suriya ilə bağlı Moskvaya son təklifini verməsi barədə yazılanlar həqiqəti əks etdirmir. Suriya məsələsi prezidentlər Vladimir Putin və Barak Obama arasında detallı şəkildə müzakirə olundu. Daha detallı fikir mübadiləsi isə xarici işlər nazirləri Sergey Lavrov və Con Kerri arasında aparıldı. Moskva ilə Vaşinqton arasında razılaşdırılmamış bir neçə məsələ qalıb. Məhz bu kompromis üçün də iş aparılır. Hələ ki buna nail olunmayıb».
«The Washington Post»un yazdığına görə, təkliflər arasında Hələb də daxil olmaqla bütün Suriya ərazisində atəşkəsin olması, humanitar yardımın çatdırılması üçün stabil və təhlükəsiz şəraitin yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, habelə terrorçuların mövqelərinə qarşı Rusiya-ABŞ hava kampaniyası daxildir.