XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 17:05

Özbəkistanın yeni prezidenti:Mirziyoyev Putinin "adamıdır"?

Özbəkistanda prezident postunu müvəqqəti olaraq ölkənin baş naziri Şavkat Mirziyoyev tutacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar bu gün Özbəkistan parlamentinin qanunverici palatası və Senatının birgə iclasında qəbul olunub.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, Konstitusiyanın 96-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası Senatın sədri Niqmatilla Yuldaşevə həvalə olunmalı idi. Lakin o bundan imtina edib. Və bu səbəbdən də deputatlar yekdilliklə baş nazir Mirziyoyevin namizədliyini dəstəkləyiblər. 

Ş.Mirziyoyev 1957-ci ildən anadan olub. Daşkənd İnstitutunun məzunudur. Kənd təsərrüfatı üzrə ixtsaslaşıb. Ayrı-ayrı illərdə paytaxtın bir neçə rayonunda administrasiya rəhbəri olub. 2003-cü ildən Özbəkistanın baş naziri postunu tutur. 

BBC hələ bir neçə gün əvvəldən ekspertlərə istinadən proqnoz vermişdi ki, Özbəkistanda hakimiyyət dəyişikliyi baş verərsə, Kərimovun varisi olmağa əsas namizədlərdən biri ölkənin hazırkı baş naziri Şavkat Mirziyoyevdir: “Özbəkistanda son illərdə yaranmış situasiyanı təhlil edərkən belə nəticəyə gəlmək olar ki, Mirziyoyevin ölkənin güc strukturları, xüsusən də Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam Inoyatovla yaxşı münasibətləri var. Bundan başqa, onun 2009-cu ildə qohum olduğu Alişer Usmanovla (Usmanovun qardaşı oğlu Mirziyoyevin qardaşı qızı ilə evlənib) yaxşı münasibətləri var. Bütün bunlardan əlavə, Vladimir Putin Rusiyanın baş naziri olanda onunla MDB baş nazirlərinin iclaslarında görüşərdi. Onların arasında artıq şəxsi əlaqələr də var”.

Ekspertlər hesab edir ki, baş nazir Mirziyoyevin Moskvadan dəstəyi var və o, ölkə rəhbərliyində rusiyapərəst qanadı təşkil edir.

Özbək siyasi təhlilçi, Fransada sığınacaq almazdan öncə Prezident Adminstrasiyasında çalışmış Kamoliddin Rabbimov da 2003-cü ildən bəri baş nazir vəzifəsini tutan Mirziyoyevin Kərimovu əvəzləməyə daha real namizəd olduğunu demişdi: "Kimin əlində dövlətin daha çox resursu var? Buna baxsaq, demək, Şavkat Mirziyoyevin şansı daha çoxdur. O bu işdə 13 il olub və öz adamlarını ölkə boyunca mühüm vəzifələrə təyin edib".

BBC-yə danışan ekspertlərin fikrincə, Rusiya hazırda baş verənləri diqqətlə izləyir və regiondakı nüfuzunu saxlamağa çalışır. Bu səbəbdən də Özbəkistanın növbəti prezidentinin Kremlə loyallığı Rusiyanın marağındadır: "Əgər Özbəkistandakı hakimiyyət mübarizəsində İnoyatov (MTX-nin rəhbəri)-Mirziyoyev cütlüyü qalib gəlsə, üstəlik də onların Moskva ilə sıx birliyi təsdiqlənsə, Rusiya ilə daha çox yaxınlaşmanı gözləmək olar. Bu, ilk növbədə Avrasiya İqtisadi İttifaqı kimi regional strukturlar vasitəsilə baş verəcək".

Xatırladaq ki, sentyabrın 2-də prezident İslam Kərimovun vəfatı xəbəri yayılıb. Özbəkistana 26 il rəhbərlik edən 79 yaşlı Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunub. Mərhum prezidentlə bağlı yaradılmış Dəfn Komissiyasının rəhbəri Şavkat Mirziyoyev olub.