XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 21:59

“Bank ehtiyatları tükəndiyi üçün bahalı pul siyasəti həyata keçirilir –İqtisadçı

mehemmed-talibli-istisadci

Bildiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyəti likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Strateq.az xəbər verir ki, Mərkəzi Bankın (MB) bu qərarını iqtisadçı ekspert Məhəmməd Talıblı şərh edib.

Onun sözlərinə görə, Mərkəzi Bank bu addımla bir neçə ay ərzində uçot dərəcəsini 5 dəfədən çox artırmış olub:

"Demək, MB digər üsullarla kredit tələbini təmin etmək əvəzinə, yalnız uçot dərəcəsini yüksəltməklə tələbi aşağı salmaq yolun seçir. 

Bilirsiniz ki, banklarda kredit təklifi xeyli azalıb, ancaq limitlərlə kredit verən banklar qalıb. Şərtlər bankların xeyrinə ağırlaşıb. Kredit tələbi artıb, bankların isə kredit təklifi məhdudlaşıb. Bu qeyri-müəyyənlik isə banklarla bağlı ajiotajın əsas səbəblərindəndir.

Nəzəriyyədən məlumdur ki, tənzimləyici monetar qurum (yəni MB) uçot dərəcələrini artırmaqla, kreditə tələbi azaltmaq, bankların isə əmanət yığımlarını artırmaq məqsədini güdür. Ancaq hesab edirəm ki, MB-ın belə “bahalı” pul siyasəti bankların maliyyə imkanlarını çətinləşdirəcək. Yəni bank kreditlərinə tələbi aşağı salacaq.

Onu da nəzərə alaq ki, bazar iştirakçılarının kredit resurslarını əldə etmək imkanları çətinləşəndə, bu eyni zamanda mal və xidmətlərin istehsalı tempini də aşağı düşməyə başlayacaq".

Ekspertin sözlərinə görə, bankların daxili ehtiyatları tükənir, xarici öhdəlikləri icra etmək çətinləşir:

"Verilən kreditlərin geriyə dönüşündə ciddi problemlər yaranır. Başqa sözlə, problemli kreditlərin toplam kredit portfelində xüsusi çəkisi artır. Belə bir vəziyyətdə bank ehtiyatlarının 65-70%-i kreditləşmə hesabına həyata keçirən bankların kreditlərsiz fəaliyyətini necə həyata keçirəcəkləri çox müəmmalıdır. Təkrar edirəm, MB-ın son qərarı isə kredit təklifini azaltmaq məqsədilə edilir. O zaman bankların imkanlarının artırılmasının alternativləri düzgün müəyyənləşməlidir".

İqtisadçı onu da qeyd edib ki, valyuta bazarında psixoloji təzyiqləri də unutmaq olmaz. Çünki valyuta bazarında dollar qıtlığı və manat artıqlığı açıq hiss olunur:

"Dollar tələbinin artması, eyni zamanda, bazarın yaratdığı ajiotajı da stimullaşdırır. Dollar kanalının daralması, dollarla yığıma həvəsi psixoloji olaraq gücləndirir. 

Bütün bunları nəzərə alanda isə, əslində, MB bankların resursla təminatına nail olmalıdır ki, həmin kredit resurslarının dövriyyə sürəti daha da artsın. Həmin sürəti artırmaqla, daha çox dəyər formalaşdırmaq mümkün olacaq. Əksi olacağı halda, kredit çatışmazlığı artıq iqtisadi dinamizm yox, süstlük, onun ardınca isə tənəzzül gətirmiş olacaq".

F.ƏHMƏD