XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

13 Sentyabr 2016 - 19:39

“Nisyə” hacılıq:Neftin həccə nə dəxli?

hac

 

Bu il həcc ziyarətinə gedənlərin sayı 1.8 milyon olub.

Strateq.az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanı yayıb.

Uzun illərdən bəri hər il ən azı 3 milyon zəvvarın həcc ziyarətə getdiyini nəzərə alsaq, məlum olar ki, bu il hacı olanların sayı yarıbayarı azalıb. Bu azalma bir sıra amillərlə izah olunur.

Başlıca səbəblərdən biri kimi iqtisadi amil göstərilir. Məlum olduğu kimi, müsəlman ölkələrin əksəriyyəti özünün neft hasilatı ilə keçinir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi isə istər-istəməz onların iqtisadi vəziyyətlərinə təsir göstərib. Bu da öz növbəsində həccə gedənlərin sayını azaldıb.

Heç uzağa getməyək, hacısı azalan ölkələrdən biri də Azərbaycandır. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, ölkəmiz bu il həcc kvotasını xeyli azaldıb. Ötən il 2400 dindarımız hacı statusuna yüksəlmişdisə, bu il həmin kvota əvvəl 1500-ə, daha sonra isə 1040-a endirilib. Yəqin ki, kvotanın azalması QMİ-nin öz istəyiylə olub. Görünür, böhranlı iqtisadi durumumuzu nəzərə alan qurum Səudiyyə krallığından daha az yer istəyib.

Maraqlıdır ki, Qafqaz Müsəlmanları İdarəsi 2 dəfədən çox azaldılan bu kvotanı belə, doldurmaqda əziyyət çəkib. Ziyarətdən əvvəl QMİ-nin mətbu orqanlara açıqlamasında 250 zəvvar yerinin boş qaldığı açıq etiraf edilmişdi. Hətta Səudiyyə Ərəbistanının Azərbaycan müsəlmanlarına göstərdiyi etimadı doğrultmaq üçün indiyə qədər təsadüf olunmayan metodlara belə əl atılmışdı. Söhbət kreditlə hacı olmaqdan gedir. Yəni QMİ könlündən hacı olmaq keçən möminlərimizə ziyarətə nisyə getməyi, pulunu isə yavaş-yavaş ödəməyi təklif etmişdi.

Nisyə həcc ziyarəti təklifinin nə qədər işə yaradığını deyə bilmərik. Bildiyimiz isə bundan ibarətdir ki, Azərbaycan dindarlarının müdəqqəs əmri yerinə yetirə bilməməsinin başlıca səbəblərindən biri pulsuzluq olub. Zira ölkədə gedən devalvasiya nəticəsində həcc ziyarətinin qiymətləri də xeyli bahalaşıb. Axı dindarlarımız alın tərlərinin qarşılığını Azərbaycan manatıyla alırlar. Ziyarətə isə ABŞ dollarıyla getməlidirlər. Özü də nə az, nə çox, bir həcc ziyarət üçün zəvvarlardan ən az 3500-4000 dollar pul tələb olunur. Bu isə günü-gündən dollar qarşısında əriyən manatımızla xeyli bahalı başa gəlir: hardasa 6000-7000 manata.

Nəzərə alsaq ki, ötən həcc mövsümündə manat-dollar qiymətlərində ciddi fərq yox idi, bu ilki həcc ziyarətinin ən azı 2000 manat bahalaşdığını görə bilərik. Azərbaycan insanının manat hesabıyla aylıq gəlirləri isə nəinki artmayıb, əksinə azalıb. Sirr deyil ki, orta əmək haqqının 300-400 manat olduğu ölkədə bu qədər pul tapıb həcc ziyarətinə xərcləyəcək vətəndaşların sayı da çox deyil.

Eyni siyasi dünyagörüşü paylaşan və bənzər xarici reseptlərlə idarə olunan digər İslam ölkələrində vəziyyət də Azərbaycandakından çox fərqlənmir. Məsələyə bu aspektdən yanaşanda dünya miqyasında hacı olmaq istəyənlərin sayının azalmasının başlıca səbəblərindən biri ortaya çıxır.

Digər bir səbəb isə ötən il həcc ziyarətində yaşanan faciə ilə izah olunur. Xatırlayırsınızsa, ötən həcc ziyarəti zamanı şeytan daşlamaq ayinindən sonra zəvvarlar arasında basabas düşmüşdü. Zəvvarların bir-birini ayaqlaması nəticəsində minlərlə insan həyatını itirmişdi. İndiyə qədər yaşanan eyni xoşagəlməz hadisələr arasında ən böyük itki kimi yadda qalan ötən ilki faciənin bütün məsuliyyəti isə Səudiyyə krallığının təşkilati işləri düzgün aparmamasında görülmüşdü. Başda İran olmaqla, bəzi ölkələr öz müqəddəs missiyasına məsuliyyətsiz yanaşan rəsmi Riyadı ciddi tənqid atəşinə tutmuş və həcc ziyarətini başqa qurumlara həvalə ediməsi təklifini irəli sürmüşdülər. İl boyu təkrarlanan eyni sözlər, təbii ki, həcc ziyarətinə getmək istəyənlərin niyyətlərini də xeyli soyutmuşdu.

Bu iki amilin bir araya gəlməsi, sözsüz ki, həcc ziyarətinə gedənlərin sayında da özünü göstərməliydi və belə görünür ki, göstərib də.

Heydər Oğuz

Strateq.az