XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 11:45

Millət vəkili:“İran buna görə cavab verməlidir”

q%c9%99nir%c9%99

Azərbaycana dost ölkə deyən İranın ermənilər üçün olimpiada keçirməsi nə qədər üzüntü, narahatlıq doğursa da, daha da dəhşətlisi həmin olimpiadaya Dağlıq Qarabağdan da ermənilərin dəvət edilməsi və onların da geyimində cinayətkar-separatçı rejimin yaratdığı, beynəlxalq aləmin tanımadığı qurumun embleminin olmasıdır. İran tərəfi bununla bağlı ciddi açıqlama verməlidir.

Bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, Tehranda keçirilən 48-ci erməni olimpiya oyunlarını və işğalçı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindən olan separatçı, cinayətkar erməni rejiminin təmsilçilərinin açılışda iştirakını kəskin qınayıb:

“Bu, açıq şəkildə separatçılığın dəstəklənməsi və Azərbaycan düşmənçilikdir. Həmin tədbirdə İranın rəsmi şəxsləri iştirak edib. Bu hadisə bütün azərbaycanlıları ciddi narahat edir və biz bu kimi təxribatları ciddi şəkildə pisləyir, etirazımızı bildiririk. İran səfirinin açıqlaması isə yaranmış bu qədər ciddi problemlə bağlı çox bəsit görünür. Səfirin ermənilərin geyimlərindəki rəmzlərin təşkilat komitəsiylə razılaşdırılmadığı haqda dediklərinə gəlincə isə təşkilat kömitəsi Azərbaycanın işğal altında olan ərazilərində qurulmuş separatçı-cinayətkar qurumdan olan adamları niyə dəvət edir? Bunun separatçılığın dəstəklənməsi kimi qəbul ediləcəyini və oradan gələnlərin hər cür təxribata əl ata biləcəklərini bilmirlər? İkincisi, bu adamlar hər kəsin önünə çıxana qədər təşkilat komitəsi üzvləri hara baxıb? İrandakı bəzi qüvvələrin bu erməni sevgisinin arxasındakı dayanan məqamları artıq insanlarımız çox yaxşı bilir”.

Millət vəkili bildirib ki, İranda yaşayan milyonlarla soydaşımız Azərbaycan əleyhinə aparılan bu cür işlərə biganə qalmamalı və etiraz səslərini ucaltmalıdırlar:

“İran rəsmiləri ölkələrimiz arasında normal münasibətlərə mənfi təsir göstərən bu cür təxribatlara yol verməməlidir. Çünki işğal altında olan torpaqlarımızla bağlı məsələ dövlətimiz və bütün insanlarımız üçün ən həssas məsələdir. Sonra da deyirlər, müsəlman dünyası niyə bu gündədir? Azərbaycanın torpaqlarının 20 faizini 20 ildən artırdır ki, işğalda saxlayan Ermənistana, Azərbaycan torpaqlarında qurulan cinayətkar-separatçı erməni rejiminə İranın bəzi dairələrinin bu cür isti münasibəti və bu kimi bir çox acı həqiqətlər həmin suala cavab tapmaq istəyənlərə kömək edə bilər”.

Qeyd edək ki, Tehranda keçirilən 48-ci erməni olimpiya oyunları zamanı açılışda iştirak edən erməni komandasının formalarında Qarabağ separatçılarının “bayraq” adlandırdıqları əski parçası əks olunub. İran oyunda qondarma “Artsax respublikası”nın yığmasının iştirakına mane olmayıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsini “daxili tədbir” adlandırıb və bunun “dini azlıqlara hörmət əlaməti olaraq təşkil edildiyini” bildirib. (Axar.az)