XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 15:19

“Vergilər Nazirliyi real potensialından artıq öhdəliklə yüklənib” –Ekspert

fazil-memmedov-vergi

“İqtisadi hadisələrin faktiki nəticələri sahibkarlıq subyektlərinin inkişafına nəinki şərait yaradır, əksinə onları müflisləşmə təhlükəsilə üz-üzə qoyur”.

Strateq.az xəbər verir ki, bu sözləri müstəqil ekspert Elçin Qurbanov bildirib.

Onun sözlərinə görə, sahibkarlıq mühitini çətinləşdirən son iqtisadi böhran dalğasının getdikcə güclənməsinin, vergi siyasətinin isə sərtləşməsinin bir neçə səbəbi var. Başlıca səbəblərdən biri 2016-cı ilin dövlət büdcəsində vergiyə ayrılan payla bağlıdır:

“2016-cı ilin proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirləri ÜDM-in 25.2 % həcmində, yəni 14 milyard 566 mln. manat olmaqla, 2015-ci illə müqayisədə 4 milyard 872 mln və yaxud 25.1% azalmasına baxmayaraq, Vergilər Nazirliyinin üzərinə qoyulmuş öhdəlik 6 milyard 602 mln manat olmuşdur. Bu isə o deməkdir ki, büdcə gəlirləri 25,1%, nazirliyinin üzərinə düşən öhdəlik isə cəmisi 7,17% azalmışdır. Başqa sözlə desək, Vergilər Nazirliyinin üzərinə düşən öhdəlik 17,93% əlavə yüklənmə həddindədir”.

İqtisadçının fikrincə, bundan əlavə, ötən dövrlərdə neftin qiymətində mənfi sıcrayışlar baş vermiş, ardından milli valyutamız nəticə etibarilə 112% devalivasiyaya uğramışdır: “Üstəlik, inflyasiya da de-fakto  40-45% olmuş, kommunal xidmətlərdən işığın qiyməti 16.6, su-kanalizasiya xidmətinin qiymətləri isə 38.8% artmışdır. Bahalaşmanın yerli istehsala təsiri məcmu tələbin azalmasına, iqtisadi aktivliyin geriləməsinə gətirib çıxarmışdır”.

elcinÖlkədə həyat səviyyəsinin aşağı düşdüyü bir vaxtda bu cür yüklənmənin Vergilər Nazirliyini öhdəliklərinin yerinə yetirilməsində çıxılmaz vəziyyət saldığını deyən ekspertin fikrincə, yaşananlar iş adamlarının da fəaliyyətini xeyli ağırlaşdırır: “Kiçik və orta sahibkarlıq subyektləri vəziyyətə davam gətirə bilmədikləri üçün əməkhaqlarını azaldır, işçiləri ixtisara salır və yaxud öz fəaliyyətlərini tamamilə dayandırmalı olurlar. Bunlar ölkənin iqtisadi həyatında baş verən real hadisələrdir”.

 Dövlətin monetar siyasətdə rəsmi və gizli devalvasiya elementlərini sanki qarışdırdığına inanan həmsöhbətimiz rəsmi məzənnələrin yalnız məlumat xarakteri daşıdığını vurğulayıb: “Ona görə də bu şəraitdə maliyyə sabitliyinin gözlənilməsi çətinləşir. Əksər iş adamları zaman-zaman xarici valyuta ilə mübadilədə ciddi zərərlərlə qarşılaşırlar. Belə bir iqtisadi şəraitdə vergi yükünün artırılması heç də məqsədyönlü sayıla bilməz. Vergi orqanlarının müvafiq struktur vahidləri öhdəliklərini yerinə yetirmək üçün məcbur olub əsaslı və əsassız mənbələr müəyyən edirlər. Bu, adətən, kameral qaydada aparılan yoxlamalar və anoloji hesablamalar əsasında həyata keçirilir. Sahibkarların haqlı narazılıqları da məhz bu səbəblərdən meydana gəlir”.

Bununla belə, bəzi vergi əməkdaşlarının öhdəlikləri yerinə yetirmək adıyla sahibkarları incitməsini qınayan Elçin Qurbanov, “bütün hallarda bu dövlət orqanının fəaliyyəti vergitutmanın əsaslarına və prinsiplərinə müvafiq qaydada müəyyən edilməlidir”-deyir: “Amma özlərini çətinə salmaq istəməyən bəzi yarıtmaz vergi əməkdaşları bu işi bir çox hallarda hüquqa zidd şəkildə yerinə yetirirlər. Əlbəttə ki, onlara belə tapşırıq verildiyini zənn etmirəm”.

Öz vəzifə və səlahiyyətləri çərçivəsində hüquq-mühafizə orqanı kimi fəaliyyət göstərən Vergilər Nazirliyinin ən çox diqqət ayırmalı olduğu məsələlərdən birinin də verginin iqtisadiyyata mənfi təsirinin qarşısını almaq olduğunu xatırladan ekspert nazirliyi gələcək vergiyığımlarında bu məqamları diqqətdə saxlamağa çağırır: “Vergi işinin uğurlu təşkili neytral fiskal siyasət mühitidir. Etiraf etmək lazımdır ki, özünün yuridiksiyasına aid hüquq mədəniyyətinin inkişafına, o cümlədən humanitar prinsiplərə ən yüksək sədaqət nümayiş etdirən, mükəmməl daxili nəzarət sistemi yaradan, korrupsiya ilə mübarizədə ictimai iştirakı təmin etməkdə israrlı davranan Vergilər naziri vəziyyəti obyektiv şəkildə araşdırmağa çalışır. Məsələn, hüquq pozuntularının müəyyən edilməsi ilə bağlı hal-hazırda nəzarət həyata keçirilərkən, əksər hallarda çatışmazlığın aradan qaldırılması məqsədilə xəbərdarlıq edilir. Əlbəttə ki, bu kimi xəbərdarlıqlar sahibkarlarda mənəvi məsuliyyətin yaradılmasına xidmət edir. Problemin həlli tənbeh və cəzanın tətbiqi ilə deyil, tərbiyə metodu ilə həll olunmasına yönəldilir. Təəssüflər olsun ki, bəzi yarıtmaz vergi əməkdaşlarının bu humanizmdən öz mənafeyi üçün istifadə etdiyi hallar da olur. Guya ki, hüquq pozuntusuna göz yumur və müqabilində isə rüşvət tələb edir”.

Belələri ilə yalnız ictimai dəstəklə mübarizə aparmağın daha mükəmməl vasitə olduğunu bildirən Qurbanov son olaraq hakimiyyəti vergi yükünü azaltmağa çağırıb: “Bütün gerçək faktlara əsaslanaraq, bildirmək istəyirəm ki, əgər dövlət yaxın günlərdə vergi yükünün azaldılması məsələsinə baxmasa, vəziyyət o qədər də ürəkaçan olmayacaq”.

Heydər Oğuz

Strateq.az