XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 18:40

“ABŞ Rusiyanın Krımda keçirdiyi seçkinin nəticələrini tanımayacaq”- Dövlət Departamenti

kirbi

"ABŞ ilhaq olunmuş Krım ərazisində Rusiyanın keçirdiyi parlament seçkilərinin nəticələrini tanımayacaq".

BBC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, Krım Ukraynanın tərkibinə qaytarılmayanadək Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək: "ABŞ ilhaq edilmiş Krım ərazisində Rusiya Dumasına 18 sentyabrda keçiriləcək seçkiləri qanunsuz hesab edir və onun nəticələrini tanımayacaq. Krım tatarlarının durumu, adamların yoxa çıxması və insan hüquqlarının pozulması da daxil olmaqla, Krımdakı humanitar vəziyyət əvvəlkitək narahatlıq doğurur".

Bundan əvvəl Ukrayna parlamenti beynəlxalq ictimaiyyəti Krım ərazisində Duma seçkilərinə müşahidəçi göndərməməyə səsləyib.

Radanın xəbərdarlığında deyilir ki, müşahidəçi qismində Krıma gələnlərə qarşı sərhəd pozuntusu ilə bağlı cinayət işi açılacaq. Kiyev həmçinin hesab edir ki, seçkilər Rusiyanın diplomatik və konsul xidmətlərində də keçirilə bilməz.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva öz ərazisindəki elektoral prosesi heç bir ölkə ilə müzakirə etmək niyyətində deyil.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Ukrayna ərazisində 80 min rusiyalı seçici yaşayır.

Krım Rusiya tərəfindən 2014-cü ildə ilhaq olunub. Yarımadanı Ukraynanın ərazisi hesab edən ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq ediblər.