Dünya bazarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq 43,84 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar artaraq 46,53 dollar olub.
Maraqlıdır ki, neftin bahalaşmasının bir neçə səbəbi var. İlk növbədə "qara qızıl"ın qiymətinə müsbət təsir edən amil odur ki, Liviya rəhbərliyinin açıqlamalarına baxmayaraq, Ras-Lanuf limanından neft tankerlərini yola salmaq mümkün olmayıb. Ölkədə baş verən vətəndaş müharibəsi ərzində terminal iki il fəaliyyətsiz qalıb.
Bununla yanaşı, treyderlər yaxın zamanda neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunacağını bəyan edən Venesuela prezidenti Nikolas Maduronun açıqlamasına diqqət yetirir. Prezident bildirib ki, neft istehsalçıları "hasilatın dondurulması barədə sentyabrda qərar elan edə bilər".
Xatırladaq ki, neft bazarı ötən həftəni pessimistik notlar üzərində başa vurub. Buna səbəb Liviya, İran, Nigeriya kimi ölkələrin dünya bazarına çıxardığı neftin həcmini artırmaq niyyətində olduğunu bəyan etməsidir. Ümumilikdə, ötən həftə Brent markalı neftin qiyməti 5% azalaraq 46 dollardan aşağı enib.