Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Xidməti (Rosselxoznadzor) öz təmsilçilərini Türkiyəyə göndərib. Məqsəd bu ölkədən idxal edilən mallara yoxlamadan keçirməkdir.
Strateq.az xəbər verir ki, bu məlumatı xidmətin sədr müavini Vasili Lavrovski açıqlayıb.
Onun bildirdiyinə görə, idxal olunan mallar bəzi standartlara cavab vermir: “Bunlar aradan qaldırılmadan türk məhsullarının rus bazarına göndərilməsindən danışmaq mümkün deyil".
Ekspertlər bu açıqlamanı Rusiyanın Türkiyə mallarına embarqonu davam etdirmək niyyətilə əlaqələndirirlər. Xüsusilə də türk aqrar sənaye müəssisələrinin sahibkarları məhsullarının keyfiyyətli olduğunu irəli sürür, başda Avropa olmaqla dünyanın müxtəlif ölkələrinə meyvə-tərəvəz satdıqlarını, amma heç bir alıcıdan bənzər şikayət eşitmədiklərini vurğulayırlar.
İstanbul Yaş Tərəvəz və Meyvə İxracatçıları Birliyinin sədri Latif Ünal bununla bağlı deyir: "Rusiyanın irəli sürdüyü qaydada hər hansı qanun pozuntusunun olduğunu düşünmürəm. Rusiya Türkiyə ilə ticari əlaqələri yenidən bərpa etmək üçün müzakirə masasına oturarkən yeni tələblər irəli sürmək üçün bu cür bəhanələr ortaya atır".
Türkiyənin yaş tərəvəz və meyvə istehsalçılarının bir çox ölkəyə məhsul göndərdiyini və bu məhsulların keyfiyyətinə görə ilk sıralarda yer tutduğunu dilə gətirən Ünal ritorik sualla fikrini davam etdirir: "1 il əvvəl keyfiyyətimizi yerə göyə sığdıra bilmirdilər. İndi nə oldu, bir ilin içində məhsulumuz zay günə düşdü?"
Antalya Yaş Meyvə Tərəvəz İxracatçıları Birliyinin sədri Əli Kavak da iddiaların həqiqəti əks etdirmədiyini düşünür: "Rusiyaya 25 ildir mal ixrac edirik. İddiaların sadəcə süni maneə yaratmaq taktikası olduğunu düşünürəm”.