Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, iclasda aşğıdakı məsələlər müzakirə olunub, bir sıra sərt qərarlar qəbul olunub:
1. dövlət büdcəsindən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair;
2. dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair.
Məlimata görə, araşdırmalar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsində ciddi pozuntular aşkarlanıb. Yoxlamalarla əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi meydana çıxıb.
Eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialları Baş Prokurorluğa göndərilib.
Məlumata görə, iclasda digər audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilərək, müvafiq qərarlar qəbul olunub. Kollegiya bir neçə nəzarət tədbirləri ilə proqramlara da dəyişiklik edib.