XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 14:19

Sistaninin ordusu da PKK-nı təhdid etdi:“Vuruşacağıq!”

hasdi-sabi

 

“Kürd separatçılarına qarşı Suriyanın şimalında döyüşəcəyik”.

Strateq.az xəbər verir ki, ilk baxışdan Türkiyə tərəfindən verilən bəyanata bənzəyən bu təhdid dolu açıqlama, təməlləri İraqda atılan "Haşdi-Şabi" tərəfindən səsləndirilib.

Məşhur şiə ailimi ayətullah Əli Sistaninin xeyir-duasıyla yaradılan və İraqda mövqelərini gücləndirən "Haşdi Şabi" Suriyada da təşkilatlanmaq barədə qərar verib. Təşkilatın Suriya qanadının ilk bəyanatı isə PYD və PKK-ya qarşı vuracaqlarını elan etməsi olub.  

Mətbuat açıqlamasında "Haşdi Şabi" kürd separatçılarına qarşı döyüşmək niyyətlərinin səbəbinə də aydınlıq gətirib. Açıqlamaya görə, PYD ərəb və assuri xalqına qarşı böyük təzyiqlərə və qalıcı demoqrafik dəyişikliklərə əl atır. PYD-nin federal muxtariyyət elan etməsinə qarşı olduqlarını bildirən "Haşdi-Şabi" kürd separatçı təşkilatlarını dəstəkləyənlərin də hədəfə alınacağını bildirib.

Təşkilat bu mövqeyinin məntiqi davam olaraq PYD-yə yaxınlıq göstərən ərəblərə kürd separatçılarının yanından ayrılmalarıyla bağlı xəbərdarlıq göndərib, vətəndaşlardan və xalqdan PYD-yə aid qərargah və hərbi bazalardan uzaq durmalarını istəyib.

İrana yaxınlığı ilə tanınan "Haşdi-Şabi"nin bu bəyanatı təsadüfi deyil. Son zamanlar kürd separatizminin İran qolu olan PEJAK-ın fəallaşması barədə xəbərlər yayılır. Hətta İran rəsmilərinin bir müddət öncə İraqın şimalında səfərdə olduğu və regional rəhbərliyi PEJAK-a bağlı qüvvələri dəstəkləməmələrini istədiyi bildirilir. İranın bu təpkisindən sonra Ərbilin PEJAK-a bağlı qüvvələri sıxışdıraraq, ölkədən çıxartdığı da gələn xəbərlər arasındadır.

Ümumiyyətlə, İranın Şimali İraqda kifayət qədər ciddi qüvvələri var. Barzani əşirəti Türkiyəyə meylləndiyi kimi, Cəlal Talabaniyə bağlı qüvvələr İrana yaxınlığı ilə tanınırlar. Səddam Hüseyn repressiyalarından qaçan Cəlalın uzun  müddət İrana sığındığı bilinir.

Ekspertlərin fikrincə, "Haşdi Şabi"nin Suriyanın şimalında təşkilatlanma qərarının başlıca səbəbi “Kürdüstan” xəyalının reallaşacağı təqdirdə separatizm dalğasının bu ölkəyə sıçraması ehtimalı ilə bağlıdır.

Qeyd edək ki, İranın xüsusilə şimal-qərb  hissəsində 2 milyondan artıq kürd yaşadığı güman olunur. Müstəqillik arzusunda olan PEJAK öz tərəfdarlarını bu sosial bazadan təmin etməyə çalışır. İranın əksər vətəndaşlarından fərqli olaraq sünni məzhəbinə inanan kürd əhalisi başlarına gətirilənlərdə məzhəb ayrıseçkiliyinin də mühüm rol oynadığına inanırlar və bu düşüncə onları separatizm tərəfdarına yaxınlaşdırır.

"Haşdi-Şabi"nin məlum bəyanatı kürd separatizmini dəstəkləyən ABŞ-ın bu siyasətinin regional qüvvələri getdikcə eyni hədəfdə birləşdirdiyi ehtimalını gücləndirir.

Ümumiyyətlə, ekspertlər müxtəlif siyasi maraqlarına görə müxtəlif güc mərkəzlərinin təsiri altında qalan kürd əşirət liderlərinin bir hədəfdə birləşə bilməyəcəklərini, hakimiyyət uğrunda apardıqları mübarizə nəticəsində parçalanacaqlarını güman edirlər. Buna görə də müstəqillik tələblərinin reallaşacağına inanmırlar. Üstəlik, regional güclərin təşviqi nəticəsində müxtəlif əşirətlərin siyasi mübarizəsinin vətəndaş müharibəsinə çevriləcəyini təxmin edənlər də az deyil.

Qeyd edək ki, xüsusilə İraqın şimalındakı müxtəlif kürd aşirətlərinin uzun illər bir-birinə qarşı döyüşdükləri də tarixən  məlumdur. Tarixi əsaslara söykənən bu ehtimalın maraqlı qüvvələrin təşviqiylə istənilən vaxt reallaşdırılması çətin görünmür. Xüsusilə də o zaman ki, regionun bütün qüvvələrinin iradəsi zorla onlara qəbul etdirilməyə çalışılan “reseptə” qarşı birləşiblər.

Türkiyənin Yaxın Şərq siyasətinə qarşı olduğunu gizlətməyən "Haşdi Şabi"nin Ankarayla eyni mövqeyi dəstəkləyən son bəyanatı da separatizm təhlükəsinin regional qüvvələri yaxınlaşdıracağı ehtimalına haqq qazandırır.

Heydər Oğuz

Strateq.az