“SSRİ dağılmaya bilərdi, lakin Kommunist Partiyasının o dövrdə izlədiyi dövlətçilik baxımından dağıdıcı siyasətlər onu dağıtdı”.
Strateq.az xəbər verir ki, rus imperializmi nostalgiyasının ifadəsi kimi görünən bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiyanın beynəlxalq xəbər agentliyi “Sputnik”in məlumatına görə, Duma seçkilərinin ardından Kommunist Partiyasının lideri Gennadi Züqanov da daxil olmaqla, parlament partiyaların liderləriylə bir araya gələn Putin bildirib: "Sovet İttifaqının dağılması haqqında nə düşündüyümü bilirsiniz. Buna ehtiyac yox idi. Demokratik bir yenidənqurmaya gedilməliydi".
O dövrdə SSRİ-nin başında Kommunist Partiyasının dayandığını xatırladan Rusiya lideri sovet imperiyasının dağılmasının məsuliyyətini millətçilərin üzərinə atılmasıyla da razılaşmayıb.
Qeyd edək ki, bu, Putinin SSRİ haqqında dilə gətirdiyi ilk fikirlər deyil. Bu ilin ilk günlərində Rusiya Prezidenti yanında Elm və Təhsil Şurasının Leninin ölümünün 92-ci ildönümünə həsr edilmiş toplantısında çıxışı zamanı Putin SSRİ-ni belə bəyənmədiyinə, proletariat inqilabının Böyük Rusiyanın demokratikləşməsinə imkan vermədiyinə və nəticə etibarilə dövlətin dağılmasına səbəb olduğuna ehyam vurmuşdu. Rusiyanın dağılmasında Lenin və Stalinin sərt siyasətlərinin önəmli rol oyandığına inanan Putinə görə, bu iki siyasi lider imperiyanın altına atom bombası qoymuşdular: "Düşüncə axınını idarə etmək doğrudur, ancaq bu siyasətin doğru nəticələrə gətirib çıxarması lazımdır. Yəni, Vladimir İliçin etdiyi kimi yox. Leninin düşüncələri nəhayətində SSRİ-nin dağılmasına gətirib çıxartdı. O dövrdə muxtariyyət və bu kimi bir çox fikirlər vardı. Lenin və Stalin isə Rusiya adı verilən binanın altına atom bombası yerləşdirdilər və daha sonra dövlət sarsıldı. Onların səhvləri dinc inqilaba ehtiyacımızın olmadığına inanmaları idi. Bəli, o dövrdəki düşüncə belə idi".
Putinin dilə gətirdiyi bu fikirlər onun yenidən rus imperiyasını bərpa etmək məqsədində olduğunu aydın şəkildə ortaya qoyur. Rusiya prezidentinin düşüncəsindəki imperiya “demokratik dəyərlərə” söykənən muxtariyyətlərdən ibarət bir sistemdir.
Putin Rusiyasında muxtariyyət və demokratiyanın nə demək olduğunun isə xüsusi izaha ehtiyacı yoxdur. Sadəcə onu xatırlatmaq yerinə düşərdi ki, Putinin də bu gün bəyənmədiyi həmin SSRİ elə xalqlara muxtariyyətlikdən daha geniş səlahiyyətli federal subyekt vəd edirdi. Əslində Lenin və Stalin də elə Putin qədər “demokrat” idilər. “Proletariat diktaturası”na inanan “demokrat”…
Rusiya prezidentinin 2016-cı ildən başlayaraq, Böyük Rusiya nostalgiyası ilə yaşaması fonunda bu gün post-sovet məkanında “rus qafalı”ların aktivləşməsinə nəzər salanda, xoruzun quyruğunu görməmək mümkün deyil. Deyəsən, bu quyruq Putinin əlindədir.
Heydər Oğuz
Strateq.az