İordaniyada yazıçı Nahid Xəttar məhkəmədə naməlum şəxs tərəfindən güllələnib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Xəttar İslam dinini məsxərəyə qoyan karikaturasına görə məhkəməyə verilmişdi. Qətl hadisəsi baş verməsəydi, yazıçı həmin prosesdə dini təhqir etdiyinə görə mühakimə olunacaqdı.
Xəttara üç dəfə atəş açan qatil elə hadisə yerində həbs olunub.
Özü xristian olan Nahid Xəttar Bəşər Əsədin fəal tərəfdarlarından biri kimi tanınırdı. O, məlum karikaturanı sosial şəbəkələrdə yayandan sonra həbs olunmuşdu.
Karikaturada cənnətə düşən cihadçı təsvir olunub. Qadınların əhatəsində olan cihadçı Allahdan ona şərab və şirniyyat gətirməsini istəyir və xidmətçidən ətrafı təmizləməsini tələb edir.
Karikaturanın dərci İordaniyadakı müsəlmanların qəzəbinə tuş gəlmişdi. İstintaq zamanı hər kəsdən üzr istəyən Xəttar bildirmişdi ki, o, bu karikaturada İslama yox, radikal sünniləri məsxərəyə qoyub.