XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 11:27

“Xalq “hə” deyəcəksə, prezidentin təşəbbüsü həyata keçəcək” –Prezidentin köməkçisi

ali-hesenov-33

"Avropa Şurasının Venesiya Komissiyasının tələsik açıqlaması ilə bağlı Azərbaycan hökuməti öz münasibətini bildirib. Bu sifarişli dırnaqarası ekspert rəyi idi".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi ilə bağlı tənqidi iradları haqqında məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu tipli qanun layihələrinə, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət vermək üçün Vensiya Komissiyasına bir neçə ay vaxt lazımdır: "Azərbaycan Avropa Şurasına üzv olandan Komissiya ilə bizim səmərəli əməkdaşlığımız olub. Bu gün də həmin əməkdaşlıq davam edir. Əgər Venesiya Komissiyası müraciət etsəydi ki, Azərbaycan tərəfi bu layihəni ekspertiza üçün onlara göndərsin, biz onu göndərəcəkdik. Amma müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan hər hansı bir sifarişlə komissiya rəyini açıqladı. Biz də buna müvafiq qiymətimizi verdik.

Referendum təşəbbüsü Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib. Təşəbbüs ölkə prezidentindən gəlib. Konstitusiya Məhkəməsi onun konstitusiyaya uyğunluğunu təsdiq edib. Layihə indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb. Azərbaycan xalqının iradəsi bizim üçün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizdən üstdə durur. Ona görə də biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edə bilək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edə bilək.

O rəylər və açıqlamalar ki, dırnaqarası beynəlxalq hüquq təşkilatları, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları sifarişlə Azərbaycana yanaşır, biz də onlara adekvat münasibət bəsləyirik.

Azərbaycan dövləti o təşkilatlarla yalnız Azərbaycan xalqının maraqları və iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Xalq buna "hə" deyəcəksə, prezidentin təşəbbüsü həyata keçəcək. "Yox" deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq".