Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniyanın ermənipərəst deputatı Baronessa Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.
Millət vəkili çıxışında bildirib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Baronessa Koks Dağlıq Qarabağda separatçı rejimin əsgərləri qarşısında çıxış edərək "siz burada xristianlığı müdafiə edirsiniz" – deyə söyləyib:
"Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda isə tolerantlılıqdan danışırlar. Bu təhlükəli tendensiyadır”.
Milli Məclis sədri Oqtay Əsədov millət vəkilinin çıxışına reaksiya verib.
Bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır:
"Ermənilər Ermənistan-Azərbaycan münaqişəsini dini don geyindirərək təqdim etməyə çalışır. Mən, bu barədə AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında çıxış edərək Ermənistanın siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”– deyə, O. Əsədov vurğulayıb.
Britaniyalı parlamentarinin Bakıda səsləndirdiyi fikirlərə gəlincə, spiker qeyd edib: "Baronessa Koks heç bilmir ki, atası kimdir”.
azvision